Yanmış meyiti aşkarlanan qadın müəllimin qatili tapıldı - YENİLƏNİB - FOTO

27 May 2022 15:38

15:38

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

-------

11:30

Bakıda yanğın nəticəsində öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

Milli.az xəbər verir ki, qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, aprelin 26-da səhərə yaxın saat 4 radələrində Lökbatan qəsəbəsi Yunis Mirzəyev küçəsi bina 4, mənzil 12 ünvanında yanmış meyiti tapılan Xuraman Həsənovanın ölümünün qəsdən törədilməsi üzə çıxıb. Aparılmış ilkin araşdırmalar nəticəsində X.Həsənovanın meyiti üzərində zorakılıq əlamətləri və xəsarətlər aşkar edilib. Hazırda qətlin kim tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində iş aparılır.

İlkin ehtimala görə, qətl tamah məqsədilə törədilib.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Xuraman Həsənova Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi olub.

Bildirilib ki, tək yaşayan X.Həsənova hadisədən bir neçə gün əvvəl Türkiyədən qızının toyundan qayıdıb.

Ailə üzvləri evdəki yanğının iz itirmək məqsədilə qətlə törədildiyini, mənzildə X.Həsənovaya məxsus pul və qızılların yoxa çıxdığını qeyd ediblər.

Milli.Az