Azərbaycanda aerobika gimnastikasına uşaqların böyük marağı var - Azərbaycan idmançıları

25 May 2022 23:03

Azərbaycanda uşaqların aerobika gimnastikasına marağı böyükdür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatının iştirakçıları, qarışıq cütlükdə çıxış edən idmançılar Vladimir Dolmatov və Mədinə Mustafayeva deyiblər.

"Bizim üçün aerobika gimnastikası üzrə Azərbaycan çempionatı həm də mühüm start - Portuqaliyada keçirilən dünya çempionatı öncəsi yoxlama məşqidir. Gənc gimnastlar üçün isə belə yarışlar çox faydalı təcrübədir və ümid edirik ki, belə turnirlər ən azı altı aydan bir keçiriləcək. Axı uşaqlara daimi yarış məşqi lazımdır, böyüklərin, təcrübəli gimnastların çıxışlarına baxmaq və onlardan nümunə götürmək də faydalıdır", - deyə V.Dolmatov qeyd edib.

Mədinə Mustafayevanın sözlərinə görə, hazırda onların cütlüyü gərgin məşq edir və dünya çempionatı öncəsi proqramı təkmilləşdirir:

"İndi gündə iki məşq keçirik, tezliklə Yardımlıya toplanışa gedəcəyik, orada gündə üç məşq olacaq. Bu beynəlxalq startda bizim üçün Avropa Oyunlarına lisenziya qazanmaq vacibdir".

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda "Ocaq Sport" klubu, "Zirvə" İK, "Grasiya" İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparıb.

Milli.Az