Trend BİA-da "Türk Dünyası" (Turkic.World) layihəsinin illik fəaliyyəti müzakirə olundu - VİDEO - FOTO

25 May 2022 17:38

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin ofisində türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası"nın (Turkic.World) bir illik fəaliyyətinin nəticələri müzakirə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Türkiyənin "Albayrak Media Group"unun rəhbəri Ömər Karaca, Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu, Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli, Trend BİA-nın baş redaktoru Emin Əliyev və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sahil Kərimli bildirib ki, "Türk Dünyası" (Turkic.World) media platforması ötən bir il ərzində bir çox ciddi uğurlara imza atıb.

"Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqət və qayğısı nəticəsində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Media qurumlarımızın, jurnalistikamızın nüfuzu əhəmiyyətli şəkildə yüksəlib. Bunun nəticəsidir ki, son zamanlar gənc mütəxəssislərin mediaya marağı artıb, peşəkar kadrların yetirşdirilməsi prosesi uğurla davam edir.

Bu gün bizim əsas məqsədimiz Azərbaycan həqiqətlərini və haqq səsimizi dünyaya çatdırmaq, Azərbaycanın milli və dövlət maraqlarını müdafiə etməkdən ibarətdir. 44 günlük Vətən müharibəsi zamanı biz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin informasiya cəbhəsində apardığı qətiyyətli mübarizənin şahidi olduq. Müharibə zamanı dövlətimizin başçısının dünyanın müxtəlif media qurumlarına, tanınmış televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etməsi, Qarabağ həqiqətlərini dünyaya çatdırması biz media nümayəndələri üçün bir örnək oldu. Bu, həm də gələcək fəaliyyətimiz üçün yol xəritəsi idi.

Vətən müharibəsinin şanlı günlərində Birinci Vitse-prezident Mehriban Əliyevanın müsahibəsindən bir sitatı xatırlatmaq istəyirəm: "Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında"", - deyə o əlavə edib.

S.Kərimli qeyd edib ki, bu çağırışlar media nümayəndlərinin də qarşısında ciddi və məsuliyyətli vəzifələr qoyur, dəqiq, konkret hədəflərimizi müəyyənləşdirir: "Məmnunluq hissi ilə vurğulayırıq ki, "Türk Dünyası" (Turkic World) layihəsi də bu mənada gözləntilərimizi doğruldub, inkişaf edib. Cəmi 1 il ərzində layihəyə türkdilli ölkərin bir neçə nüfuzlu media orqanı, hətta dövlət qurumları da qoşulub. "Türk Dünyası" media platformasının Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək, həmçinin, ingilis və rus dillərində fəaliyyət göstərməsi imkan verir ki, biz daha böyük oxucu auditoryası qazanaq və türk dünyasının səsini bütün dünyaya çatdıraq".

Tədbirdə çıxış edən "Albayrak Media Group"un rəhbəri Ömər Karaca "Türk Dünyası" (Turkic.World) media platformasının cəmi bir il ərzində qazandığı uğurları vurğulayıb. "Unikal rəqəmsal platformada qurulan bu layihə cəmi bir il ərzində türkdilli ölkələrin qabaqcıl media qurumlarını bir araya gətirib. Layihədə artıq Özbəkistanın "UzA" Milli İnformasiya Agentliyi, Qazaxıstanın "Kazinform" Dövlət İnformasiya Agentliyi , Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi və Türkmənistan Xarici İşlər Nazirliyi iştirak edir. "Türk Dünyası" (Turkic.World) media platforması Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək dillərində fəaliyyət göstərir" - deyə o, qeyd edib.

Ömər Karaca Turkic.World layihəsinin uğurlarından məmnunluğunu bildirərək layihəyə yeni nailiyyətlər arzulayıb.

Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu isə bildirib ki, Azərbaycan mediasının yeni inkişaf mərhələsinin məhsulu olan "Türk Dünyası" (Turkic.World) media platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

Tədbirdə çıxış edən Trend BİA-nın baş redaktoru Emin Əliyev də Azərbaycanda ölkə rəhbərliyinin mediaya göstərdiyi xüsusi diqqət nəticəsində mediamızın sürətli inkişafından bəhs edib.

E.Əliyev bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın mediaya olan xüsusi diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə daxil olub. Bunun göstəricisidir ki, bu gün Trend BİA bir çox beynəlxalq layihələrə imza atır. "Türk Dünyası" (Turkic.World) media platforması da bu layihələrdən biridir.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Milli.Az