Çox perspektivli gənclər var – Baş məşqçi

25 May 2022 17:10

Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi iştirakçıları arasında çox perspektivli gənclər var.

Bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Marian Kolev deyib.

"Şadam ki, çoxlu gənc idmançı Azərbaycan çempionatı və Bakı birinciliyindi çıxış edir. Bu, yaxşı göstəricidir. Perspektivli gənclər var, onlara öz bacarıqlarını təkmilləşdirmək üçün vaxt lazımdır. Gələcəkdə onlar təkcə yerli deyil, həm də beynəlxalq yarışlarda yaxşı nəticələr göstərə biləcək. Ümid edirəm ki, ildən ilə iştirakçıların sayı çoxalacaq", - deyə o bildirib.

Baş məşqçi vurğulayıb ki, milli komandanın üzvləri Portuqaliyada keçiriləcək Dünya Yaş Qrupları Yarışlarında (10-12 iyun) və sonra aerobika gimnastikası üzrə dünya çempionatında (16-18 iyun) iştirak edəcək.

"Ümid edirəm ki, gimnastlarımız öz proqramlarını qüsursuz icra edəcək. Qeyd edim ki, komandanın heyətində dəyişikliklər olub, yeni gimnastlar gəlib və onlar yeni proqramla çıxış edəcək. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlük Avropa çempionatına vəsiqə üçün mübarizə aparacaq", - M.Kolev deyib.

Milli.Az