Həllini gözləyən məsələ çoxdur, xüsusilə Laçın dəhlizi... - Müsahibə

24 May 2022 23:21

Milli.Az teleqraf.com-a istinadən politoloq Tofiq Zülfüqarovun müsahibəsini təqdim edir

- Tofiq müəllim, Brüsseldə Azərbaycanla Ermənistan liderləri arasında artıq üçüncü görüş baş tutdu. Bundan öncə ötən ilin dekabrın 14-də və bu ilin aprel 6-da olan görüşlərin nəticələri faktiki olaraq İrəvan tərəfindən sabotaj edildi. Sizcə, son görüş prosesi irəliyə apara biləcəkmi?

- Son Brüssel görüşü ilə bağlı bəzi şərhlərə baxıram və təəccüb edirəm. Bəziləri deyir ki, məsələ həll edilib. Axı heç bir məsələ həll edilməyib. Bunun da səbəbi odur ki, Ermənistan köhnə siyasətini təzə şəraitdə davam etdirir. Hazırda Ermənistan sülhməramlıların nəzarəti altında bu cür siyasət aparır. Ona görə də bu cür görüşlər Ermənistan tərəfindən görüntü yaratmaq üçün edilən cəhdlərdir. Bu onu göstərir ki, o hansısa sülh müqaviləsi imzalamağa hazırdır. Brüssel formatında birinci, inikinci görüşdə də belə idi. Üçüncü görüş də məhz bu müstəvidə baş tutdu.

- Görüşün yekunu olaraq kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı ilə razılıq ifadə edilib. Belə olan halda ortada ciddi nəticələr üçün bir əsas olduğunu düşünmək olarmı?

- Bu görüşdən öncə də Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səslənirdi. Kimsə iddia etmirdi ki, Zəngəzur dəhlizi açılmayacaq. Burada yol tikilişi olduqdan sonra biz dəhlizin açılmasından danışa bilərik. Söhbət başqa bir mövzudan gedir. Çünki onlar artıq Zəngəzur dəhlizini bir dəhliz kimi yox, kommunikasiya kimi qələmə vermək niyyətindədirlər. Bunu Avropa Şurasının Prezidenti Şarl Mişel öz bəyanatında bildirib. O qeyd edib ki, burada sərhəd qanunları icra ediləcək.

- Belə olan halda Laçın dəhlizi ilə bağlı fərqli bir vəziyyətin qalması niyə qabardılmır?

- Əgər Ermənistan ərazisindən keçən kommunikasiya xətləri ilə bağlı gömrük, sərhəd və digər məsələlər varsa, Laçın dəhlizinin fərqli bir vəziyyətdə olması başa düşülən deyil. Burada da başqa məqamlar var. Çünki Laçın dəhlizi ilə bağlı da eyni qaydalar tətbiq edilməlidir. Digər məsələlər var ki, bununla bağlı da məhz Ş.Mişelin bəyanatı çoxlu suallar yaradır. Amma bu suallara cavab yoxdur.

- Hansı sullar var?

- Ş.Mişel bəyan edir ki, Qarabağda hələ də qalmış ermənilər üçün "status" yox hansısa hüquqlar və təhlükəsizlik müzakirə edilməlidir. Hüquqlar, təhlükəsizlik deyəndə nəyi nəzərdə tuturlar? Biz bunlara cavab almalıyıq. Əgər onlara Azərbaycan vətəndaşı statusu verilirsə, bu elə hüquqdur. Amma hansısa hüquqlarla bağlı danışıqlar gedirsə, bu, elə əlavə stutusdur. Ona görədə, bir sıra təhlilçilərin məsələyə aid hansısa bir fikirləri sadəcə olaraq cəfəngiyyatdan başqa bir şey deyil. Bu da qəribə bir vəziyyət yaradır.

- Bəs hansı öhdəlikdən danışmaq olar?

- Çünki burada Azərbaycan və Ermənistan tərəfindən ödhədliklər barəsində heç nə deyilməyib. Sadəcə olaraq Ş.Mişel açıqlayıb ki, müzakirələr bu şəkildədir. Ona görə də, bu bəyanat sadəcə olaraq Ş.Mişelin mövqeyini əks etdirir. Bununla bağlı açıqlama da vermişəm ki, bunun heç bir hüquqi mahiyyəti yoxdur.

- Azərbaycanın mövqeyi ilə bağlı real mənzərə necədir?

- Haqlı olaraq da Azərbaycan tərəfi buna qoşulmayıb. Delimitasiya və demarkasiya prosesinə başlanılması ilə bağlı niyyət var idi. Praktiki baxımdan kommisiya formalaşıb. Amma burada əsas hansı xəritələrdən istifadə ediləcək o maraqlıdır.

Milli.Az