28 Mayda əfv gözləntisi - Siyahıda kimlər var?

24 May 2022 23:17

Ötən gün Prezident yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib. Daxil olan bütün müraciətlər dəqiqliklə yoxlanaraq, müvafiq qərarlar qəbul edilib.  Əminik ki, hazırda dəmir barmaqlıqlar arxasında olan vətəndaşlarımız , həmçinin əcnəbilər həyəcanla gözləyirlər. Çünki, 28 May Respublika Günündə imzalanması gözlənilən əfv qərarı  bir çoxlarının yenidən azadlığına qovuşacağı  gün olacaq.

Prezident yanında Əfv Məsələləri Komissiyası aprelin 26-dan, sonuncu iclas da daxil olmaqla ümumilikdə 600-dən çox müraciətə baxıb.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib. Əliməmməd Nuriyev deyir ki, daxil olan bütün müraciətlər dəqiqliklə yoxlanıb.

Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin meyarları da açıqlanıb. Komissiyanın üzvü Əliməmməd Nuriyev deyir ki, indiyədək keçirilən iclaslarda əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə  baxılıb.

Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5 mindən çox məhkum tam olaraq  azad edilib və ya cəzasının qalan hissəsi azaldılıb.

Milli.Az