Rusiyanın Qarabağ istəyi QIZIŞIR - Moskvadan KRİTİK ZƏNG: Hədələr artır

24 May 2022 13:23

5 saat davam edən Brüssel görüşünün üçüncü raundunu həm vaxt etibarilə, həm də əhatə edilən məsələlərin icrası istiqamətində gəlinən nəticə baxımından daha məhsuldar adlandırmaq olar. Əslində, bu görüş bundan əvvəlki iki görüşdə əldə olunan razılıqlardan, üzərinə götürdüyü öhdəliklərdən bu və ya digər səbəblərdən yayınmağa çalışan Ermənistan baş naziri Nikol Paşinyanı "başqa yolunun olmadığı" həqiqəti ilə reallaşdırmaq məqsədi daşıyırdı desəm, yanılmaram.

Çünki aprelin 6-da sərhədlərin delimitasiyası ilə bağlı tərəflərin xüsusi komissiya yaradaraq ayın sonunda görüşərək praktiki fəaliyyətə başlaması ilə bağl Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri arasında razılıq əldə olunsa da, rəsmi İrəvan növbəti razılaşmaya yenidən xilaf çıxması ilə yadda qaldı. Düz iki dəfə ard-arda eyni oyunu oynayan Ermənistan siyasi rəhbərliyi Avropa İttifaqı üçün üçüncü görüşün daha tez bir zamanda keçirilməsi məsələsini zərurətə çevirdi. 

Bu baxımdan mayın 22-də Paşinyan və Əliyevin yenidən Avropanın siyasət paytaxtında bir araya gəlməsi Bakı qədər Aİ-nin də marağında idi. İkitərəfli və üçtərəfli görüşlərin yekununda mətbuata Bəyanatla çıxış edən Şarl Mişelin açıqlamasından da aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib.

Budəfəki görüşdə də nə "Dağlıq Qarabağ" ifadəsi işlədildi, nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə istinad edildi, nə "status" mövzusuna toxunuldu, nə də mübahisəli məsələlər münaqişə kimi xarakterizə edildi. Bir daha aydın oldu ki, Avropa İttifaqı üçün bu məsələ artıq tarixin yaddaşına köçüb və Qərb Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul edir. 

Avropadan qayıdandan sonra Prezident İlham Əliyevin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalaması budəfəki Brüssel görüşünün nə qədər faydalı keçdiyindən xəbər verir. Prezident bu Sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının tərkibini açıqlayıb. Komissiyanın tərkibində Qazax İcra hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavinin də yer alması diqqətdən yayınmır. Əslində komissiyanın tərkibinə diqqət yetirəndə Brüsseldə davam edən 5 saatlıq müzakirələrdə daha hansı məsələlərlə bağlı qəti razılıqlara gəlindiyini anlamaq mümkündür. 

Görüşdən sonra belə komissiyanın tərkibində sözügedən ərazilərin səlahiyyətli şəxslərinin də yer alması Azərbaycan anklavları olan Qazaxın 7 kəndi və Kərkinin (Naxçıvan) qaytarılması məsələsinin də Brüsseldə aktual müzakirə mövzularından olduğu və bu istiqamətdə artıq yekun razılıqlara gəlindiyini demək olar. 

Ən qəribəsi isə Azərbaycan Prezidentinin sözügedən komissiyanın tərkibini təsdiqləməsindən dərhal sonra eyni addımın (Ermənistanda da Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - red.) Paşinyan tərəfindən atılması oldu. Belə məlum olur ki, İrəvan ilə Bakının Brüssel görüşləri onların bu məsələdə birgə, koordinasiyalı irəliləməsi baxımından olduqca faydalıdır və belə olacağı təqdirdə istər sərhədlərin delimitasiyası, istərsə də uzunmüddətli sülh sazişi ilə bağlı çox yaxın zamanlarda böyük irəliləyişlərin şahidi ola bilərik. 

Moskva barmaq etməsə...

Görüş bitər-bitməz Kreml Nikol Paşinyana bircə gün də nəfəs dərməyə imkan vermədi. Belə ki, erməni baş nazir Brüsseldən qayıdan kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana zəng edib. Rəsmi məlumatlarda iki nazirin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələləri müzakirə edildiyi bildirilsə də, əslində isə Lavrovun Mirzoyandan Paşinyanın Brüssel görüşünün hesabatını istədiyi, növbəti dəfə "yolunuzu azmayın" mesajını verdiyi istisna edilmir.

Eyni zamanda Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova da zəng edib. Məlumatda onun Azərbaycan XİN rəhbəri ilə bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi apardıqları barədə fikirlər yer alır. Məlumdur ki, ikinci Brüssel görüşündə olduğu kimi budəfəki görüş də Rusiyanı olduqca narahat edir. 

Hələ Brüsseldə ikinci raundda müzakirə edilən məsələlərlə bağlı Paşinyanın yeni vəziyyəti açıqlamasından sonra aprelin 17-də Ermənistanda başlayan etiraz aksiyaları bu günə kimi səngimək bilmir. Cənubi Qafqazdakı mövqe savaşı uğrunda ciddi mübarizənin davam etdiyi bir vaxtda Moskvanın Avropanın planlarını pozmaq üçün bundan sonra da Ermənistandakı etiraz dalğasını gücləndirəcəyi, sərhəddəki silahlı insidentləri əvvəlkindən daha çox artırmaq üçün əlindən gələni edəcəyi şübhə doğurmur. 

Artıq bir qrup etirazçının Ermənistan XİN binasına daxil olduğu məlumatları da deməyə əsas verir ki, Rusiya məsələni ciddi şəkildə təqib edir və bu soyuq savaşın üstün tərəfi olmaq üçün geriyə addım atmayacaq. Etirazçıların xarici işlər nazirinin müavini Mnatsakan Səfəryandan "Artsax" heç vaxt Azərbaycanın tərkibində olmayacaq" deməsini tələb etmələri də (Səfəryan etirazçıların tələbini yerinə yetirmir - red.) sırf iki gün əvvəl Şartl Mişelin səsləndirdiyi bəyanata qarşı çıxmaq, vəziyyəti gərgin saxlamaq üçün atılmış addımdır. Bunun Rusiyanın mövqeyini əks etdirdiyini nəzərə alsaq, o zaman sifarişin də haradan gəldiyini anlamaq çətin olmaz. 

Prezident İlham Əliyev ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Brüsseldə özünün iştirakı ilə Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verərkən "Zəngəzur dəhlizinin açılması, o cümlədən dəmiryolu və avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı Azərbaycan və Ermənistan razılığa gəlib" ifadələri də görünür Moskvanı ciddi narahat etməyə başlayıb.

44 günlük müharibənin bitməsinin rəsmiləşdirildiyi 10 noyabr üçtərəfli bəyanatından tutmuş, 11 yanvar və 26 noyabr bəyanatlarına kimi vasitəçiliyini etdiyi görüşlərlə Ermənistan rəhbərliyinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məsələsində təzyiq göstərməyən Moskvanın bugünkü narahatlığı da başa düşüləndir. Rusiya yaxşı anlayır ki, Bakını daha aldatmaq mümkün olmayacaq və Azərbaycan ona məsələnin həllində yardım olacaq dövlətlə, təşkilatla əməkdaşlığa daha isti yanaşacaq. Bu baxımdan da ciddi mənada taktiki səhvə yol verdiyini yaxşı başa düşən Moskva Ukrayna müharibəsi fonunda vəziyyətdən çıxış yolu məqsədilə Ermənistan daxilində Azərbaycanla sənədlərin izmalanması əleyhinə etiraz aksiyalarını gücləndirmək və sərhəddə hərbi təxribatlar törətməklə vaxt udmağı indiki məqamda özləri üçün ən optimal variant hesab edə bilər. 

Moskvanın qəzəbi artıq bir daha onu təsdiq edir ki, dünyanın önəmli platformalarından birində baş tutan Ermənistan-Azərbaycan liderləri arasındakı bu görüş olduqca effektli alınıb. Təbii ki, Rusiya məsələnin belə sürətlə Qərb platformasında həllindən məmnun deyil. Ona görə də Brüssel görüşünün nəticələrini tez bir zamanda görmək bir az real görünmür. Çünki Rusiya əlindən gələni edəcək ki, Qərbin moderatorluğu uğursuzluqla nəticələnsin, Moskva yenidən vəziyyəti ələ alaraq proseslərdə dominant tərəf kimi öz diqtəsini etsin. 

Bu məsələdə nə Avropa İttifaqı geri addım atacaq, nə də Rusiya vəziyyəti tamamilə əldən vermək niyyətindədir. Hazırda Ukrayna cəbhəsində xeyli immunitet itirən Rusiya üçün qarşıdakı yaxın zamanda proseslərin hansı nəticələrlə yekunlaşacağı çox önəmlidir. Əslində Rusiyanın belə bir vəziyyətdə ayrı-ayrı cəbhələrdə mübarizə aparması, mövqe savaşı verməsi hər şeyin onun istədiyi kimi yekunlaşacağına inamı bir az da azaldır. 

Azərbaycan isə haqlı tərəf kimi, savaş istəməyən tərəf kimi bu danışıqlarda ən çox səbr göstərən tərəfdir. Rəsmi Bakı son təxribatlara soyuqqanlı reaksiyası ilə bir daha göstərir ki, növbəti müharibə istəmir, regionda sülh, sabitlik tərəfdarıdır. Amma bu o demək deyil ki, Azərbaycan ona qarşı olan ərazi iddialarına və təxribatlara həmişə səbr göstərəcək. Erməni tərəfi götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə revanşist bəyanatlar səsləndirərək yeni təxribatlara rəvac verəcəyi təqdirdə Azərbaycanı qarşısında görəcək - daha güclü, daha kəskin... 

Təhməz Əsədov
Milli.Az