Milli.Az-da "Həftəsonu qiraət": Sərxoş
8 May 2010 18:17
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) yazılarını [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.
Sərxoş
Bürkülü yay havası şəhərin üzərinə pərdə çəkərək nəfəs almanı ağırlaşdırmışdı. Gecədən xeyli keçməsinə baxmayaraq cansıxıcı rütubət çəkilib getmək istəmirdi. Uzun yay gecələrinin canavarları olan ağcaqanadlar açıq pəncərələrdən mənzillərə doluşaraq həyatı əsl cəhənnəmə çevirirdilər. Öldürücü bürküdən canlarını qurtarmaq istəyənlər küçələrə tökülüb təmiz hava axtarırdılar.
Uzun şose yolunun kənarı ilə bir nəfər tərəddüdlü addımlarla gedirdi. Nazik qısaqol köynəyinin yaxasını üç-dörd düymə açan bu gənc qarşısına çıxan heç kəsi və heç nəyi görmürdü. Yanından ötən taksi sürücüləri avtomobilləri saxlayaraq minməsini təklif etsələr də, ondan nə müsbət, nə də mənfi cavab alırdılar.
Birdən başı gicəlləndi. Yol kənarındakı ağaclardan birinə dayanaraq müvazinətini saxladı. Elə indi çox sərxoş olduğunu anladı. Halbuki yarım saat öncəyədək nə qədər içdiyinin fərqinə varmamışdı. Sadəcə içmək, sərxoş olmaq və bulud kimi dolan qəlbini şəraba boşaltmaq istəmişdi. Lakin boğazında nə isə düyünlənmiş və dərdini göz yaşı ilə yüngülləşdirə bilməmişdi. Odur ki, içi alışıb-yanır, nəfəsini kəsən qəhəri çölə çıxarmağa cəhd edirdi.
Onu bu qədər yükləyən nə idi, anlamırdı. Tək anladığı şey içindən asılan həsrət duyğusu idi. Bəs kimin, nəyin həsrətini çəkirdi - onu da bilmirdi. Sanki nəyisə itirmiş və qəlbində boşluq yaranmışdı. Bu boşluq bütün vücudunu sıxır, ruhunu məngənəyə salırdı. Ağlına gələ biləcək heç bir şey ürəyinə dolmur, həsrətini unutdurmurdu. Son zamanlar tez-tez üzləşdiyi bu durum artıq bütün dünyəvi istəklərini alt-üst etmişdi. O anda onun həyatdan istəyə biləcəyi heç bir arzu yox idi. Gözündə dünyanın zərrə qədər dəyəri qalmamışdı. Yalnız dəli kimi hönkürmək, ürəyini boşaltmaq arzusundaydı ki, bunu da bacarmırdı.
Özünü düzəldib yoluna davam etdi. Qəfil yaxınlığında eşitdiyi avtomobil siqnalından diksindi. Şose yolun tam ortasına çıxdığını anlayıb duruxdu. Ətrafa boylanıb hara getməli olduğunu aydınlaşdırdı. Evə aparan istiqaməti təxmin edərək yoluna asta addımlarla irəlilədi.
Tanış bir parıltı hiss edib başını qaldırdı. Evlərinə yaxın yerləşən tibbi klinikalardan birinin qarşısına çatmışdı. Binanın önündə parıldayan elektrik fənəri ətrafı aydınladırdı. Həmişə olduğundan fərqli olaraq, buralar ona boş göründü. Bir qəriblik duyğusu yaşadı. Səbəbini düşünməyə çalışsa da, xatırlamadı. Bir-iki addım atıb dayandı. Üzünə yayılan ixtiyarsız təbəssüm pıçıltıya çevrildi: "Köhnə dostun məkanı..."
Hər gün axşam oradan keçərkən bir nəfəri o yan-bu yana gəzişən görərdi. Öncə on addımlıq məsafə içərisində fasiləsiz dolaşan yaşlı, pırtlaşıq saç-saqqallı adamın hərəkəti onu heyrətləndirirdi. Daim damağında ucuz siqaret, əynində qalın, yırtılmış kürk, ayağında isə yarımsökük çarıq olan naməlum sakinə yalnız bir ad verirdi - dəli. Hətta onun yanından ötərkən məsafə saxlayır və özünü hər hansı təhlükəyə hazır tuturdu.
Lakin sonradan onun qərib bir "səyyah" olduğunu və eyni məkana meyl saldığını anladı. Bəzən səbəbini anlamadığı həsrətdən qovrulan zaman o "dəli"nin ağlına həsəd də aparırdı. Üzündən heç bir ifadə oxunmayan qocanın daxili rahatlığı bu gənci dəhşətə gətirirdi. Bir-iki dəfə yaxınlaşıb "Sənin də dərdin varmı?" deyə soruşmaq istəsə də, "sərsəri adam" ona əhəmiyyət verməmişdi. Beləcə özü də hiss etmədən o adama alışmış və haradasa uzaqlarda dostlaşmışdı.
Fikirdən ayıldı. Dostu bu gün məkanında görünmürdü. "Bəlkə gəzinti yerini dəyişib" deyə ətrafdakı ərazilərə göz gəzdirdi. Lakin "dərdsiz dost" gözə dəymirdi. Qəribə idi ki, qocanın öz ənənəsinə sadiq qalmamasına əsəbləşir və qəribsəməyinin səbəbini indi anlayırdı.
Birdən dostunun varlığına böyük ehtiyac duydu. Kaş ki burada olaydı və bu kiçik məkanında sökük ayaqqabıları ilə addımlayaydı. Qeyri-ixtiyarsız geri çevrilib qocanın adətini təqlid etməyə başladı. O baş-bu başa gəzişərkən ətrafdan ötənlərin təəccüblü baxışlarını hiss etmirdi. Dolaşdıqca təbəssümü artır və çiynindəki yük nisbətən yüngülləşirdi.
Bir azdan ayaqqabıları ayağını sıxdı. Onları çıxarıb ayaqyalın gəzişməyə davam etdi. Addımladıqca fikirli-fikirli saçlarını qarışdırır, əlini üzünə atırdı. Qəfil canında üşütmə hiss etdi. Köynəyinin yaxasını axıracan düymələsə də, soyuqdan dişi-dişinə dəydi. Çiyninə atdığı qalın kürkə bürünürmüş kimi əllərini kürəyini apardı. "Bura necə də soyuq imiş" deyə təəccübləndi. Ayaqqabılarını təkrar geyinib dostunun məkanından uzaqlaşan kimi bürkülü hava canına daraşdı. Yaxasının düymələrini yenidən açdı.
Artıq binalarına yaxınlaşırdı. Yolun iki tərəfinə yerləşdirilmiş küçə fənərləri hər yanı işığa qərq etmişdi. Məhəllələrinə burulan küçənin başına çatıb ayaq saxladı. Küçənin o tayındakı dükanın yanında tərpənən iki qaraltı diqqətini çəkdi. Bir neçə saniyədən sonra qarşısında bir-birilə oynaşan sahibsiz küçə itləri gördü.
Qabaqdakı qara rəngli, qısa boylu olanı dişiyə, arxasınca şütüyən nəhəng ağ it isə erkəyə bənzəyirdi. Şose tamamilə boş olduğundan itlər rahatca oynaşırdılar. Dişi köpək bir anlıq dostuna sürtünür, quyruğu ilə onun üzünü dalayır, erkəyin şığıdığını görərkən yenidən kənara atılırdı. Sevgilisinə naz edən gənc qız kimi şıltaqlıq edən bu küçə iti sanki nəhəngi özündən çıxarmağa çalışırdı. Qəfil "sevgilisinin" quyruğunu dişləyib küçənin ortasına atıldı. Artıq səbr etməyə təhəmmülü qalmayan ağ it də onun arxasınca götürüldü. Deyəsən məqsədinə birdəfəlik çatmağın vaxtı idi və bir azdan qovuşacaqdılar.
Arxasında hənirti hiss edən dişi köpək sürətlə küçəni bu taya keçib arxaya çevrildi. Birdən narahat baxışlarını yolun baş tərəfinə, oradan da küçəni keçməkdə olan dostuna zilləyib zingildəməyə başladı. Təlaşlı gözlərindən nəsə demək istədiyi anlaşılırdı. Gözü dönmüş nəhəng isə yalnız önünü və önündəki "sevgilisini" görürdü.
Və hər şey ani oldu. Qəfil peyda olan bir avtomobil boş küçədən götürdüyü sürətlə havanı yararaq ağ itə çarpıldı. Dəhşətli bir partıltı zəngulə səsinə qarışdı. Nəhəng bir vücud havaya qalxaraq bir neçə metr uzaqlıqda asfalt örtüyə çarpıldı. Tükürpərdici bir zingilti qulaqlarda cingildədi. Ətrafda həyat donmuşdu. Sadəcə heykələ dönmüş dişi itin qərib zingiltisi və küçənin ortasında qan içində çırpınan bir bədbəxtin ağır-ağır nəfəs alması duyulurdu.
Bayaqdan xoşbəxt cütlüyün oynaşmasına dalıb, ətraf aləmi unudan gənc diksindi. Gözləri önündə yaşanan dəhşətli olay onu sarsıtmışdı. Qışqırmaq istədi, səsi çıxmadı. Qəribə bir soyuqluq qanına qarışıb, damarlarında dolaşdı, ayaqlarını üyüşdürdü. Dizləri qatlanıb yerə çökdü və gün ərzində boğazında düyünlənən qəhər partladı. İçindən hönkürtü qarışıq bir fəryad qopdu. Əlləri ilə başını tutub hönkür-hönkür ağlamağa başladı. Sanki vulkanın ağzını tıxayan laylar aralanmış, illərlə çölə çıxmağa çalışan isti lava fışqırmışdı. Bu, ağlamaq deyildi, yeri-göyü titrədən bir yetim fəryadı idi. Ən son ümidinin qırıldığını görən qəribin naləsi, anasını itirmiş körpənin hayqırtısı idi.
Ayağa qalxmaq istədi, ayaqları sözünə baxmadı. Bir qədər sürünüb çətinliklə dikəldi. Sərxoş addımlarla yerə sərilmiş iri cəsədə doğru irəlilədi. Köpək küçənin tam ortasına uzanmışdı. Yolun başında görünən avtomobil işığı beynində dəhşətli bir mənzərə canlandırdı. Sürətlə gələn avtomobillər cəsədi əzib keçə bilərdilər. "Onlar insan öldürməkdən qorxarlar, amma sahibsiz itləri gözlərini qırpmadan vurarlar" deyib özünü işığın önünə atdı.
Başı üzərinə çatarkən köpək hələ ölməmişdi. Ağız-burnundan qan şoralanır, ayaqları xəfifcə tərpənirdi. Beyni paralansa da, sağ gözü salamat idi. Köpəyin üzərinə çökərək başını qucaqladı. İçindəki vulkan yenidən fışqırdı. "Buna niyə qıydınız, vicdansızlar?" deyə hayqırdı. Sıçrayıb qalxaraq qatil axtarırmış kimi ora-bura vurnuxdu. Lakin qəddar sürücü çoxdan gözdən itmişdi. Yenidən yerə çöküb iti qaldırmağa çalışdı. Belindən qucaqlayıb pıçıldadı: "Qalx, nolar qalx. Sənə heç nə olmayıb, qalx. Burda uzanma, bax o tərəfdə yolunu gözləyən var".
Yaş dolu gözlərini ətrafda gəzdirdi. Çarəsiz nəzərlərini ona zilləmiş qara itin baxışları ilə rastlaşdı. O zingildəyir, qabaq ayaqları ilə yeri eşirdi. Lakin nədənsə yerdə uzanmış həmcinsinə yaxınlaşmağa cürət etmirdi. Bəlkə də dostunun can verdiyinə inanmır və onu yenidən arxasınca qaçmağa çağırırdı.
"Gəl yaxına, sən gəlməsən qalxmayacaq", - deyə dişi iti səslədi. Bu yanıqlı yalvarışdan diksinən zavallı itə cəsarət gəldi. Qabaq pəncələrini yerə uzadıb qabağa doğru süründü. Zingildəyir və gözünü dostundan çəkmirdi. Arxadan yaxınlaşıb həmcinsini imsilədi. Sonra tərəddüdlə baş tərəfə fırlanıb qanlı qulaqları yaladı. Qəfil geri sıçradı. Can çəkişən köpəyin ona baxan gözündən bir damla yaş süzülürdü. Sanki sevgilisinə "Kaş qalxa biləydim, kaş nəvazişinə cavab vermək imkanım olaydı, kaş ki..." demək istəyirdi. Dişi it yoldan kınara sıçrayıb götürüldü. Amma uzaq getmədi. Geri çevrilib yeri eşməyə, zəngulə vurmağa başladı.
Bu dilsiz dialoqdan özünü itirmiş gənc titrədi. Sıçrayb ayağa qalxdı. "Hələ ölməyib, sağaltmaq olar" deyə qışqıraraq iki tərəfli şose yola göz gəzdirdi. Əks istiqamətdən sürətlə bir avtomobil yaxınlaşırdı. Özünü avtomobilin qabağına atıb hər iki əlini havaya qaldırdı. Boş küçələrdə müştəri gəzən sürücünün bəxti gətirmişdi deyəsən. Sürəti azaldıb onun yanında saxladı.
- Buyur, qardaş...
- Təcili getməliyik.
- Hara lazımdırsa, gedək.
- Tez bu yana hərlə, onu da götürək.
Sürücü təəccüblə ətrafa baxdı:
- Kimi?
- Onu, yerdə uzananı.
- İtimi?
- Hə. Vəziyyəti ağırdır, amma hələ sağdır. Təcili xəstəxanaya çatdırsaq, sağalar.
- ...
- Qardaş, vaxt yoxdur. Sən narahat olma, hər şey mənlikdir. Artıqlaması ilə gediş haqqını verəcəm. Sən Allah, ləngimə.
- Vallah, mən onu götürə bilmərəm. Həm də bu gecə vaxtı hansı xəstəxanaya aparaq?
- Hansı olur-olsun, birinə çatdıraq.
- Yox qardaş, incimə, götürə bilmərəm.
Gəncin nitqi qurudu. "İnsan da bu qədər qəddar olarmı?" deyə uzaqlaşan taksinin arxasınca qışqırdı. Bu vaxt qarşı tərəfdən növbəti avtomobil fənəri göründü. Yenidən ümidlənib, qabağa qaçdı. Avtomobil hələ uzaqdaykən əllərini yelləyərək sürücünün nəzərini çəkməyə çalışdı. Üzərində parıldayan sarı rəngdən bunun da taksi olduğu görünürdü. Sürücü yolun ortasında tələsik halda əl yelləyən adamı sezmişdi və bəxtinə düşən müştəriyə sevinməyə bilməzdi. Avtomobili saxlayıb, pəncərəni endirdi:
- Eşidirəm, qardaş.
- Tez arxa qapını aç, onu içəri qoyaq. Yaralıdır.
Sürücü özünü itirdi:
- Kimi içəri qoyaq?
- Kimi olasıdı? O yaralı zavallını. Bir az qabağa sür, mən yerdən qaldıraram. Yol pulundan da narahat olma, nə tutarsa, iki qatını verəcəm. Yetər ki, sən yaxınlıqdakı xəstəxanaya çatdır.
Sürücü təəccübündən nə deyəcəyini bilmirdi. Bu vaxt yerdə qan içində olan küçə itini gördü. Sifətini turşudub iti yerdən qaldırmağa çalışan gəncə baxdı. "Bədbəxt ağlını itirib" deyə düşündü:
- Yerli, boş yerə özünü yorma. Sənə lazımamsa, otur, yoxsa gedirəm.
Gənc itin belini qucaq-qucaqlaya "Hə-hə, lazımsan. Ancaq əvvəlcə bunu içəri yerləşdirək" dedi. Sürücü səbirsizləşdi:
- Onu tulla, getsin. Başdan-ayağa qan içindədir. Allah bilir, haranın murdarıdır. Hamısı xəstəlik yayır.
- A kişi ölür ee bu. Yazığın gəlmir? Səndən nə gedir, belində aparmırsan ki?
- Yox, başına dönüm. Hər gecə yüz beləsini ölü görürük. Hər qabağımıza çıxan iti xəstəxanaya aparmaq istəsək, axırı nə olar?
- Əşşi, sənə nə lazımdır...
Sözü ağzında yarımçıq qaldı. Avtomobil sürətlə yerindən götürülüb uzaqlaşdı. İçindəki bütün qəzəbi üsyan etdi: "Şərəfsiz oğraşlar. Var-yoxsuzlar. Sizin hamınızın..."
Getdikcə dəliyə dönürdü. "Birinizin Allahınız yoxdurmu?" deyə əsəbindən bağırırdı. Çarəsiz halda küçə boyu o baş-bu başa qaçmağa başladı. Vaxt keçirdi və təcili nəsə etmək lazım idi. Birdən qulağına qarışıq musiqi sədası dəydi. Duruxub ətrafa boylandı. Qəfil küçənin yoxuşundan çıxıb, ona doğru şütüyən daha bir avtomobil göründü. Bu, taksi deyildi, əcnəbi musiqini yüksək səslə dinləməkdən həzz almağa çalışan iki gənc idi.
"Aha, bəlkə bu alındı. Bəlkə bunun insafı oldu" deyə özünü avtomobilin qarşısına atdı. Avtomobili idarə edən gənc "çağırılmamış qonaqdan" özünü itirdi. Yolun ortasında əl yelləyən "sərsərini" vurmamaq üçün tez-tez əyləci basmağa başladı. Avtomobil hədəfin bir addımlığında çətinliklə dayandı. Naməlum adamın ani hərəkətindən qəzəblənən gənclər cəld yerə atılıb qışqırmağa başladılar:
- Dəlisən? Özün cəhənnəmə, bizi yazıq etmişdin az qala. Get, ölümünü başqa yerdə axtar, gicin biri gic.
O, ünvanına səslənən bu nalayiq ifadələri eşitmirdi belə. Nə olur-olsun, istəyinə çatmalı, iti xəstəxanaya yetişdirməli idi.
- Üzr istəyirəm, özümdən asılı olmadı - deyib onlara yaxınlaşdı - təcili kömək lazımdır. Allah xatirinə, bəndə xatirinə yardım edin.
Gənclər təəccüblə bir-birinə baxdılar:
- Nolub, nə problem var?
- Bir yaralı var, onu təcili xəstəxanaya çatdırmaq lazımdır.
Dəliqanlıların canına vəlvələ düşdü. Gözlərində qorxu oyandı. Biri birtəhər özünü topladı:
- Nə? Nə yaralı? Nolub ki?
- İndicə avtomobil vurdu. Orda - yerdə uzanıb. Vallah, ölməyib, salamatdır, çabalayır. Mən arxa oturacaqda qucağımda saxlayaram. Yanacaq pulunuzu da verəcəm. Savab qazanın, onu xəstəxanaya çatdıraq.
Gənclər çaşqın nəzərlərlə bir-birilərinə baxdılar. "Bu nə danışır, əəə" - onlardan biri mızıldanaraq qabağa gəldi. Yerə sərilmiş iti görəndə gözləri bərəldi:
- Bunu deyirsən?
- Hə, onu deyirəm
Bir qaqqıltı qopdu. Yoldaşının qəfil şaqqanaq çəkməsindən çaş-baş qalan ikinci gənc tələsik onun yanına gəldi və durumu anladı. Bu iki gəncin şən qəhqəhələri ona çatmırdı. Ortada gülməli heç nə olmadığını düşünür və onların nəyə güldüyünü anlamırdı. Təbii ki, qarşı tərəf də onun içində tüğyan edən fırtınadan xəbərsiz idi. Və həmyaşıdların dünya baxışları arasında dərin ziddiyyət hökm sürürdü.
- Sənin başqa dərdin-azarın yoxdur, çəkəsən? - gülüşünə ara verən gənclərdən biri dilləndi. - Ürəyimizi düşürdün. Elə bildik ki, adam-zad vurulub. Kimin itidir bu?
- Mənim.
Yenidən pıqqıldaşma başladı. Gülə-gülə avtomobilə əyləşən gənclər musiqinin səsini yenidən ucaltdılar. Müasir tipli avtomobil bir anda hayqıraraq yerindən sıçradı. 10-15 metr uzaqlıqda qəfil əyləci basan sürücü başını pəncərədən çıxardı:
- Eloğlu, Allah ağıl versin.
Onun kədər və qəzəb dolu gözləri uzaqlaşan avtomobilin arxasına zillənmişdi. Beynində qarışan fikirlər üsyan edirdi: "Niyə bir canlıya bu qədər laqeyddirlər? Həyat bu qədər yüngüldürmü? Allahın yaratdığı bir məxluq toxunulmağa dəyməyəcək qədər murdardırmı? Sevilmək üçün hökmən insanmı olmaq lazımdır? İnsanlıq görmək sadəcə kimsəsi olanlaramı məxsusdur?".
Duyduğu qəfil zəngulə səsi onu diksindirdi. Fikirdən ayrılıb səs gələn tərəfə baxdı. Bayaqdan yol kənarından çəkilməyən dişi köpək dəhşətli bir səslə ulayıb gözdən itdi. Sərxoş gəncin içinə bir qorxu düşdü. Dəli kimi yerində dövrə vurub özünü yenidən sahibsiz itin üstünə atdı. Və gördüklərindən damarlarında qanu qurudu. Köpəyin ağır-ağır qalxıb-enən köksü durmuşdu. Xəfifcə tərpənən ayaqları hərəkətsiz qalmışdı. Açıq gözlərinə çökən buz soyuqluğu bütün vücuduna yayılmışdı. Ağız-burnundan axan qan kəsilmiş və yerdə gölməçə yaratmışdı.
Artıq ağ rəngli, qara bəxtli bu sahibsiz küçə iti üçün həyat bitmişdi. Daha səssiz gecələrdə tənha soxaqlarda dolaşa bilməyəcək, qarnını doyurmaq üçün şəhərin zibilliklərinin altını-üstünə çevirməyəcəkdi. Bundan sonra qarşısına çıxan insanların həqarətli zopalarından sivrilib dalanlarda gizlənməyəcəkdi. Həyatın qəddar zərbələrini qara "sevgilisinin" nəvazişi ilə unutdura bilməyəcəkdi artıq. Birlikdə ağlı-qaralı bir dünya qurub sevişə bilməyəcəkdilər. Daha heç kim ömrü arzularından qısa olan bu zavallı köpəyi küçələrdə dolaşan görməyəcəkdi.
Göz yaşlarına boğulan gənc qana batmış əllərini itin üzərində gəzdirdi, tumarladı, sığalladı. Son nəvazişini görən köpəyin başını bağrına basıb hıçqırdı. Cansız bədəndən vücuduna bir soyuqluq axdı, damarlarında buz kimi maye dolaşdı. Getdikcə əllərinin və ayaqlarının üşüdüyünü hiss edirdi. Artıq qanındakı soyuqluq ürəyinə yaxınlaşırdı.
Anidən titrədi və canındakı soyuqluq yox oldu. İtin başını köksündən uzaqlaşdırıb tumarladı. Və birdən əlləri əsdi - köpəyin solğun gözlərində öz əksini görmüşdü. Şüşəyə dönmüş bəbəyin dərinliklərindən bir gənc ona baxır və pıçıldayırdı: "O saxta dünyadan bezmədinizmi? Təkəbbür dolu vücudunuzu daşımaqdan yorulmadınızmı? Məzlumları sahibsiz sanmaqdan utanmadınızmı? Dərdinizə cansız əşyalarda çarə aramaqdan usanmadınızmı?".
Titrəyən əlləri ixtiyarsız havaya qalxdı və içindəki son hıçqırtı püskürdü: "Hardasan Allahhhh???".
Tural Ağatlı
[email protected]
Milli.Az