Nəqliyyat dəhlizləri necə açılacaq? - Qriqoryanın cavabı

24 May 2022 14:15

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüssel görüşündən sonra AB Şurası Prezidenti Şarl Mişelin kommunikasiyaların açılması ilə bağlı xüsusi vurğu etdiyi məqamlara aydınlıq gətirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, erməni mediası daha çox Şarl Mişelin "Tərəflər Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycan ərazisindən keçən rabitənin tənzimlənməsinə dair prinsipial razılığa gəliblər" ifadəsinin məntiqini öyrənməyə çalışıb.

"Azərbaycan ərazisi vasitəsilə Ermənistanın müxtəlif hissələri arasında əlaqə" dedikdə nə başa düşülür" sualına Qriqoryan belə cavab verib:

"Söhbət ondan gedir ki, məsələn, Ermənistan vətəndaşları və yükləri Arazdəyəndən Naxçıvan Muxtar Respublikası vasitəsilə və əksinə, Azərbaycan vətəndaşları və yükləri də eyni prinsiplər əsasında Horadizdən Ermənistan vasitəsilə Naxçıvana gedə bilər".

"Ermənistanın bir hissəsindən o biri hissəsinə getmək üçün Naxçıvan ərazisindən istifadəyə ehtiyac varmı" sualına cavab olaraq isə Qriqoryan deyib:

"Ermənistanın şimalını cənubu ilə birləşdirən dəmir yolu Naxçıvandan keçir. Mövzu regionda bütün kommunikasiyaların açılmasıdır. Mövcud kommunikasiyaların açılması və işləmə prinsipləri məsələsi öz həllini tapmalıdır. Müzakirələr bu məntiqlə gedir.

Xatırladım ki, Ermənistan Naxçıvan vasitəsilə İranla və Azərbaycanın şərq rayonları vasitəsilə Rusiya ilə nəqliyyat əlaqəsi də müzakirə olunur".

Milli.Az