İnsanı izzətli edən və zəlil edən amillər

24 May 2022 23:10

İbadət, təqva, cihad, təvəkkül, əhkama əməl etmək, təvazökarlıq, əfv, dili hifz etmək, səbir, qənaət, qəzəbə göz yummaq - izzət və əzəmətin amilləridir. Mühüm olan budur ki, insan daima izzətli və şəfərli olmalıdır. Özünü kamala çatdırmaq üçün çalışmalıdır.

Sübhan Allah Əziz və İzzətlidir və məxluqlarının şəfərlisi olan insanı da izzətli xəlq etmişdir. O, bəndələrindən razı qalar ki, öz şərəfini tanıyır və əsl insan olurlar. Onu izzətsiz edən amillərdən uzaq olar.

İmam Əli (ə) buyurur: "Ey Kumeyl! İmanlı insanın ən gözəl zinəti - təvazökarlığı və səbirliyidir. Möminin gözəlliyi və camalı - iffətindədir. Şərafəti - agahlığındadır. İzzəti - səmərə verməyən danışıqları tərk etməsindədir".

Həzrət (ə) başqa yerdə buyurur: "Təvazökarlıq ağacının meyvəsi məhəbbət və dostluq və qəlbləri cəlb etməkdir. Təkəbbür ağacının meyvəsi - kin, ədavət və düşmənçilikdir".

Təvazökarlıq, yəni təkəbbürü tərk etməkdir. Elm əhli və cəmiyyətin ülgü qərar verdiyi insanlar üçün bu, çox mühümdür. Təvazökarlığın ilk nişanəsi - salam verməkdir.

Necə ki, Peyğəmbərimiz (s) ilk salam verərdi və insanları özünə tərəf cəlb edərdi. Bəs biz niyə bu bərəkətdən faydalanmayaq?

İnsana izzət bağışlayan amillər:

1. Allaha bəndəlik və itaət, Allaha pərəstiş etmək insan izzətinə səbəb olar. Həzrət Haqq Həzrət Davuda (ə) buyurur: "İzzətimi itaətində qərar verdim".

İmam Əli (ə) buyurur: "Əgər izzəti axtarırsınızsa, onu Allaha itaətdə taparsınız".

2. Təqva və özünü günahdan saxlamaq izzətə və ruh azadlığına səbəb olar. O zaman ki, təqva nuru imanlı insanın varlığında nur saçar, izzət və şərafət meydana gələr. Ona görə o kəs ki, əziz olmaq istəyir, gərək təqvalı olsun.

Peyğəmbər (s) buyurur: "O kəs ki, ən əziz insan olmaq istəyir, gərək təqvalı və nəfsini islah edən olsun".

İmam Əli (ə) buyurur: "Heç bir izzət və şərafət təqva və nəfsini islah etməkdən uca deyildir".

3. Allah dini yolunda cihad etmək - həqiqətən izzət və şərafətə layiqlidir. Allah yolunda cihad edən insan İslam cəmiyyətinə əzəmət bəxş edər. Allah onu bu cihada görə əziz tutar. Onu behiştin cihad adlı qapısından behiştinə daxil edər.

4. İmanlı insan gərək həyatında dəyərsiz şeylərə diqqət etməsin. Çünki belə şeylərə əhəmiyyət vermək insanı zəlil və xar edər.

Halbuki, mömin insanın şərəfi və izzəti vardır. İmam Əli (ə) buyurur: "Alçaq şeylərə göz yum və öz məqamını aşkar et".

İmam Hüseyn (ə) ona verilən: "İnsanın izzəti nədədir?" sualının cavabımda buyurur: İnsanın izzəti odur ki, insanlara ehtiyac hissi duymasın".

İmam Əli (ə) buyurur: "Möminin izzəti - insanlardan ehtiyacsız olmağındadır. Çünki nəyəsə çatmaq üçün insanlardan istəmək zillət gətirər".

Şəhid Mütəhərri deyir: "Hacətinizi dostunuz və ya rəfiqinizə deyirsinizsə, əgər şərəfiniz, izzəti-nəfsiniz tapdalanmayıbsa, maneəsi yoxdur".

Zillət gətirən amillər:

1. Başqalarından nəyisə istəmək çox təəsüf ki, insan izzətini və nəfsini xar və zəlil edər. Bu zaman belə bir sual yaranır ki, əgər insan zəngin və sərvətli bir həyata malik olmaq üçün zəlil və xarlığı qəbul edə bilərmi?

Bu sualın cavabını İmam Əli (ə) çox aydın şəkildə vermiş və buyurmuşdur: "Bir saat zəlil və xar olmaq, bütün həyatını izzətli olmaqla bərabər deyildir".

2. Günah və napaklıq insan izzətinə ciddi ziyan vurar. İnsanın batinində xarlıq toxumu səpər. Hər nə qədər günahı artarsa, xarlığı da artar.

O kəs ki, öz izzətini və şərəfini qoruyur, nə zaman nadanlıq və ya əxlaqsız dost və ya ictimai çətinlik nəticəsində günah edərsə, tez bir zamanda özünə gələr və Allaha tövbə edərək, günahını etiraf edər. Allahdan bağışlanma diləyər və Ondan istəyər ki, ruh və izzətini diriltsin.

3. Yalan danışmaq, hərislik, tamahkarlıq zillətin başqa amillərindəndir.

Bu amilləri tanıdığımız üçün seçim bizimdir, nəyi seçməyimiz bizim ixtiyarımızdadır. İzzəti və şərəfi seçmək hər bir möminin borcudur.

Milli.Az