"Ya sürgün həyatı sürəcəksən, ya məhkəməyə gələcəksən" - Flora Kərimovadan Afətə

23 May 2022 13:00

"Bir insana ya vətəndaşlığına görə hörmət edərsən, ya şəxsiyyətinə, ya analığına, ya insanlığına, ya qadınlığına... Və bir insan ki, qərəzli məqsədi üçün hər şeyindən keçir, vay onun halına".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. Müğənni hazırda məhkəmə işi davam edən ifaçı Afət Fərmanqızına məktub ünvanlayıb. Məktubda bunlar qeyd edilib:

"Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu daha bir son olsun! Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?!

Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?!

"Müxalifət Flora" deyib məqsədini "hesablayıb", hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun?

Əzbərlədiyin "açıqlayacam", "mənə göndəriblər", "Əlimdə faktlarım var" boş-boş hədələdiyin əməllərdən nə vaxt keçəcəksən? Nə gözləyirsən, nədir səni saxlayan? Məni məhkəməyə "verirmişəm" deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən.

"Ad çəkmirəm" deyib ağlına görə Ruhi Əliyevaya, Nazəninə atmadığın böhtan qalmadı. Bu hal hamilə qadının halından çox "dövrdən" kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib bunun mənə nə aidiyyatı var? Sən şükür elə sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər.

Bugünki gülünc "səs-küyün", TikTokda, instaqramda sifarişli paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xirdaçılığınla mənim adımdan hərif əskiləcək?

İki il... Düz iki il susdum ki, bəlkə gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib "zəfərinlə" öyünmək idi. 

Qadınlığına, oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım. Hər kim olsan belə anasısan. Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin özünün-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər. Tanrı möhlət verərsə, hər kəlmənin haqq - hesabını çürüdəcəm. Gizlənməyin, qacmağın başqa sifəti var? Bir gün olmaramsa, mən bəziləri kimi sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var... Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil. Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən".

Milli.Az