Bakıda yanğın zamanı vətəndaşın həyatını xilas edən polis əməkdaşı danışdı - VİDEO

21 May 2022 14:22

Ötən gün Bakının Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Köməksiz vəziyyətdə qalan vətəndaşı ərazidə ximət aparan polis əməkdaşı xilas edib. Həyatını təhlükəyə ataraq vətəndaşı xilas edən həmin polis əməkdaşı ''Xəzər Xəbər''ə hadisənin təfərrüatını danışıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, o, eyvanda huşsuz vəziyyətdə qalan şəxsi çiyninə götürərək oranı tərk edib. Sonra yaralını təcili tibbi yardım briqadasına təhvil verib.

Ərazidə xidmət aparan polis serjantı Elnur Əhmədov deyir ki, yanğın barədə məlumat alan kimi həmin ünvana yaxınlaşıb. Mənzildən tüstü çıxdığını və eyvanda bir nəfərin huşsuz vəziyyətdə qaldığını görüb dərhal dördüncü mərtəbəyə qalxaraq qapını qırıb. Həyatını təhlükəyə ataraq həmin şəxsi xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində təxminən 30-35 yaşı olan şəxsin həyatı xilas edilib. O, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

Elnur Əhmədov bir neçə ildir daxili işlər orqanlarında çalışdığını və bu cür hadisələrə çevik reaksiya verməyə hər zaman hazır olduqlarını deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi ünvana cəlb olunub və yanğın söndürülüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az