Sabirabadda 6 il əvvəl istismara verilmiş yol bərbad vəziyyətdədir - VİDEO

21 May 2022 14:07

Sabirabadda 6 il əvvəl istismara verilmiş yol hazırda yarasız vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sabirabadın Moranlı, Sərxanbəyli və Surxaykənd kəndləri də daxil olmaqla, 12 yaşayış məntəqəsini birləşdirən yoldan gedir.

Rayon mərkəzindən 50 km-dək məsafədə yerləşən bu kəndlərin 22 min nəfərdən çox sakini illərdir yolsuzluqdan əziyyət çəkirlər. Bu yolun açılışı 2016-ci ilin dekabr ayında baş tutub. Üzərindən cəmi bir neçə il keçdikdən sonra yolun asfalt örtüyü dağılaraq yararsız vəziyyətə düşüb.

Yolun bərbad vəziyyətdə olması sakinlərin həm əlavə vaxt sərf etməsinə, həm də maddi itkiyə səbəb olur.

Sakinlər deyirlər ki, yolun sıradan çıxmasında iritonnajlı maşınların da rolu az olmayıb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sözügedən yolun yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramına salınıb və bununla bağlı vəsait ayrılan kimi işlərə başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az