Ermənistanda yenə mitinqlər keçirilir

20 May 2022 14:26

Ermənistan müxalifəti "Marriott" otelinin qarşısında etiraz aksiyasını başa vurub və saat 16:30-da Fransa meydanında yeni aksiya keçirməyə hazırlaşır.

Milli.Az bildirir ki, bunu müxalifətçi deputat Anna Qriqoryan deyib.

"Sizin sayənizdə biz binaya daxil ola bildik. Hamımızın sayəsində Nikol Paşinyan ancaq dolayı yollardan keçə və yalnız bağlı qapılar arxasında müzakirələr apara biləcək", - Qriqoryan bildirib.

Öz növbəsində "Hayastan" fraksiyasından olan deputat Aram Vardevanyan bildirib ki, onları tədbirin keçirildiyi zala buraxmayıblar. O, demokratiyaya həsr olunmuş forumda müxalifətin səsinin eşidilməməsindən çaşdığını bildirib.

Xatırladaq ki, Ermənistan Demokratiya Forumu polis tərəfindən mühasirəyə alınan "Marriott" otelinin binasında baş nazir Nikol Paşinyan və ABŞ səfiri Lin Treysinin iştirakı ilə keçirilir. Müxalifətçilər siyasi məhbus hesab etdikləri həbs olunan müxalifətçilərin plakatları və fotoşəkilləri ilə binaya daxil ola biliblər. Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların birbaşa zala getməsinə icazə verməyiblər.

Qeyd edək ki, tədbirə media nümayəndələri buraxılmayıb: forumun təşkilatçıları onları da dəvət etməyib.

Bundan əvvəl müxalifət nümayəndələri Ermənistan dövlətinin başçısı Vaaqn Xaçaturyan və litvalı həmkarı Qitanas Nausedanın görüşünün keçirildiyi Ermənistan prezidentinin iqamətgahı yaxınlığında aksiya keçiriblər. Müxalifət hərəkatının üzvləri Baqramyan, 26 ünvanında prezident iqamətgahına daxil olan Litva prezidenti Gitanas Nausedanın kortejini "Nikol satqındır!", "Ermənistan - türksüz!", "Ermənistan - Nikolsuz!",  "Ayıb!" şüarları ilə qarşılayıb.

Aslan Məmmədov
Milli.Az