Lyubov Uspenskayadan Bakı konsertinin ləğv olunmasına münasibət

20 May 2022 17:22

"Bu gün səhər yuxudan oyananda gördüyüm xəbərlərdən təəccübləndim".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıdakı konserti ləğv edilən rusiyalı müğənni Lyubov Uspenskaya deyib. Ermənipərəst paylaşımlarına görə tədbiri təxirə düşən sənətçi Qafqaz xalqlarını sevdiyini deyib:

"Bakıda konsertimin Azərbaycanla Ermənistan arasındakı münaqişələrə fikir bildirdiyim üçün təxirə salınması xəbəri məni şok etdi. İnsanlar məni nədəsə ittiham etmək, münaqişəyə qatmaq və konsertimi ləğv etmək istəyir. Məni - sülhsevər və xeyirxah insanı. Başa düşürəm ki, bunu üç il əvvəlki feyk xəbər əsasında şişirdiblər, amma hansı məqsədlə? Məni - bütün Qafqaz xalqlarını sevən, onların dilində ifa edən (o cümlədən Azərbaycan dilində "Ağ çiçəyim"), Azərbaycan artistləri ilə eyni səhnədə çıxış edən insanı. Mən həm Azərbaycanı, həm də bir müddət yaşadığım Ermənistanı sevirəm".

Uspenskaya əlavə edib ki, müharibə və aqressiyaya qarşıdır:

"Sülh tərəfdarıyam! Bir neçə saat əvvəl yayılan xəbərlərə görə konsert həqiqətən ləğv olundu. Ümid edirəm, siz məni düzgün anlayacaqsınız və sözləri kontekstdən çıxarmayacaqsınız. Bu, mənim cavabım və rəsmi açıqlamam idi. Bundan başqa şərh vermək istəmirəm və verməyəcəyəm. Sizin Lüba".

Milli.Az