İzmirdə "Gənclərə dəstək" layihəsi Fikrət Əmirovun 100 illiyini qeyd etdi

20 May 2022 12:15

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17 may 2022-ci il tarixində Türkiyənin İzmir şəhərində Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olumnuş konsert keçirilmişdir. Konsertdə dahi bəstəkar Fikrət Əmirovun əsərləri səslədirilmişdir: "Muğam poema", "Mən səni araram, "Sevgi valsı", Fortepiano üçün iki Ekspromt, "Göy göl" mahnısı, "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" və s. əsərlər. Konsertin solistləri "Gənclərə dəstək" layihəsi iştirakçıları, respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri idi. Nurlanə Abdullazadə (vokal), Zümrüd Məmmədova (xanəndə), Zəminə Babayeva Yalçın (qanun), Nuranə Əliyeva (piano), Elçin Hetəmli (tar), Surə Rüfət (violin) və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı alətləri orkestirinin artisti qanun ifaçısı Natəvan Həsənova və onun tələbələri İlkanə Cəfərova, Təhminə Əlixanova, Ülviyyə Dadaşova, Zilhiccə İsmayılova, Zöhra Qəhrəmanova tamaşaçılara biri birindən gözəl ifalar təqdim etdilər. Bütün iştirakçıları konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva müşayiət edirdi.

Tədbirin koordinatorları - Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasının doktorantı, qanun ifaçısı Zəminə Babayeva Yalçın idi. Onu da qeyd etmək lazımdır ki, Zəminə Babayeva Yalçın ilk azərbaycanlı qanun ifaçısıdır ki xaricdə "Türkiyə və Azərbaycan musiqisində qanun ifaçılığı" adlı kitabını nəşr etdirib.

Konsertin sonunda Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasının rektoru Özge Usta "Gənclərə dəstək" layihəsinin təşkilatçılarına,  Mədəniyyət Nazirliyi və Akademik Filarmoniyaya təşəkkürünü bildirib və iştirakçılara diplom və təşəkkürnamələr təqdim edib.

Qeyd edək ki, layihənin rəhbəri Xalq artisti, Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, koordinatoru isə musiqişünas Ayla Kərimova-Zəkəriyyədir.