Xaçaturovun oğlu narkotikin təsiri altında polis əməkdaşını döyüb - Həbs edildi

20 May 2022 10:54

Ermənistan Baş Qərargahının keçmiş rəhbəri Yuri Xaçaturovun oğlu İqor Xaçaturov hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham edilərək həbs edilib.

Milli.Az bildirir ki, bu haqda İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir.

Mayın 17-də Xaçaturov Kiyevyan küçəsində müxalifətin aksiyası zamanı polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.

"Araşdırma zamanı polis əməkdaşına qarşı zorakılıq tətbiq edən İqor Xaçaturovun bu hadisə zamanı narkotik maddənin təsiri altında olması barədə məlumat daxil olub", - İstintaq Komitəsi qeyd edir.

Hazırda istintaq orqanı məhkəmə-kimyəvi ekspertizanın təyin edilməsi barədə qərar qəbul edib. Lakin Xaçaturov nümunələri təqdim etməkdən imtina edib. Cinayət işinin ibtidai istintaqı davam etdirilir. Araşdırmanın obyektiv və hərtərəfli aparılması üçün zəruri tədbirlər görülür.

Daha əvvəl xəbər verilmişdi ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun işinə baxan hakim David Arqamanyan ondan imtina etdiyini açıqlayıb.

Hazırda Xaçaturova qarşı Ermənistan Cinayət Məcəlləsinin 316-cı maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun həbsi ilə bağlı vəsatəti təmin edib.

Aslan Məmmədov
Milli.Az