Premyer Liqamızda bürünc medalın sahibi müəyyənləşdi

21 May 2022 19:26

Azərbaycan Premyer Liqasında sonuncu-28-ci turun keçirilən 2 oyunundan sonra çempionatınımızda 2021/2022 mövsümünün 3-cü yerin sahibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu "Zirə"dir. Komanda son turda "Şamaxı" ilə qolsuz bərabarə qalıb. Ancaq Bakı təmsilçisinin ən yaxın izləyicisi "Qəbələ" də "Sabah"la matçda heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 47 xalla Premyer Liqanın bürünc mükafatına sahib çıxıb. "Qəbələ" isə 45 xalla 4-cü olub.

Qeyd edək ki, Premyer Liqamızda 2021/2022 mövsümünün qalibi "Qarabağ" növbəti mövsüm Çempionlar Liqasında, 2-ci "Neftçi", 3-cü "Zirə" və 4-cü "Qəbələ" Konfrans Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Əlavə edək ki, bu, "Zirə"nin Premyer Liqada ikinci mükafatıdır. İlk dəfə komanda 2015/16 mövsümündə 2-ci yeri tutmaqla gümüş medal qazanmışdı.

Milli.Az