Ermənistan spikeri Qarabağın statusu barədə BUNLARI DEDİ

18 May 2022 13:33

Ermənistan hakimiyyətinin ən yüksək vəzifəli şəxslərindən biri, Milli Məclisin spikeri Alen Simonyan Azatutyuna müsahibəsində Qarabağın gələcək statusu barədə danışıb. 

Milli.Az xəbər verir ki, Simonyan erməni tərəfinin bu məsələni Ermənistan-Azərbaycan danışıqlarında qaldırıb-qaldırmayacağı barədə heç nə deməyib.

Simonyan Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirməyib. Azərbaycan tərəfi bildirir ki, Bakının sülh müqaviləsi ilə bağlı 5 bənddən ibarət təklifə Ermənistanın 6 təklifini əslində təklif kimi qiymətləndirmək olmaz.

Ermənistan müxalifəti Nikol Paşinyanın hökumətini sözügedən 6 təklifdə Qarabağın statusu barədə dəqiq fikir bildirilməməsində ittiham edir. Son günlər Nikol Paşinyanın istefasını tələb edən müxalifət, hökuməti Qarabağı Azərbaycana "təhvil verməkdə" ittiham edir. Alen Simonyan Azatutyunla söhbətində deyib ki, Azərbaycanın təklifində nələrsə Ermənistanın xoşuna, Ermənistanın təkliflərində nələrsə Azərbaycanın xoşuna gəlməyə bilər. Simonyan "Qarabağı Azərbaycanın tərkibində görürmü?" sualına belə cavab verib: "Qanunvericilik orqanının rəhbəri kimi mən danışıqlar prosesinin iştirakçısı deyiləm və bu barədə qabaqcadan heç nə deyə bilmərəm. Bu suala xarici işlər naziri, hökumətin başçısı nəsə deyə bilər. Əgər mən indi bu barədə nəsə desəm, bu, danışıqlar prosesinə müdaxilə olacaq. Mənim bu prosesə qarışmaq ixtiyarım yoxdur". Alen Simonyan danışıqların təfərrüatları barədə Azatutyuna məlumat verməkdən imtina edib.

Ermənistan tərəfi Qarabağ məsələsinin millətlərin öz müqəddaratını müəyyən etməsi şəklində niyə qoymayıb sualının cavabında Simonyan deyib: "Ermənistanın təklifi elə status məsələsidir. Ermənistanın status məsələsi barədə təklifi müzakirə mövzusudur. Burada sirr kimi saxlanan heç nə yoxdur. Danışıqlar vaxtı hər hansı nüans bir saat ərzində dəyişə bilər. Çox vaxt belə olur ki, Azərbaycan tərəfindən sənəd daxil olur. Biz bəzən bir sözü bir həftə müzakirə edə və dəyişikliyə çalışa bilərik. Amma müxalifət deyir ki, "elə indi və birbaşa mətnlə verin". Belə olmur, axı".

Alen Simonyan Qarabağ erməniləri üçün konkret olaraq hər hansı muxtariyyət barədə suala cavab verib: "Baş nazirin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi bu suallara artıq cavab verib. Daha doğrusu o baş nazirin belə bir mülahizəsini diqqətə çatdırıb ki, status məsələsi insan haqlarından irəli gəlir. Biz bunun əksini etmirik. Biz eyni şeyi nə qədər təkrar etsək də, nə qədər izah etsək də, qarşı tərəfdən tənqid səslənəcək. Amma onlar heç bir təklif vermirlər. Bu gün müxalifət nə təklif edir? Heç nə!"

Aztutyun qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası komissiyası barədə indiyədək məlumat verilməyib. Halbuki belə bir komissiyanın yaradılması aprelin sonlarına nəzərdə tutulmuşdu. Alen Simonyan müsahibəsində deyib ki, birgə komissiya barəsində məlumatlar yaxın günlərdə veriləcək: "Bu yaxınlarda biləcəyilk. Bəli komissiya işləyəcək. Amma bu prosesinin texniki problemləri də var. Baş nazir səfər edib və prezident Putinlə göz-gözə görüşüb. Bütün bunlar vaxt qrafikini dəyişə bilər".

Kamran Seyidov
Milli.Az