Rusiya Ermənistanı müharibəyə təhrik edir - Moskva niyə barışa bilmir?

17 May 2022 11:49

"Baxmayaraq ki, revanşistlər və ola bilsin ki, Rusiyanın xarici təhrikçiləri Ermənistandakı etiraz aksiyaları və iğtişaşlarla erməniləri daha bir müharibəyə çağırırlar, lakin bu müxalifət qruplarının növbəti qarşıdurmaya başlamaq üçün nə gücü, nə canlı qüvvəsi, nə də digər imkanları var".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Ermənistan indi revanş haqda yox, müharibənin ağır nəticələrini aradan qaldırmaq və beynəlxalq səhnədə alt-üst olan imicini bərpa etmək haqda düşünməlidir:

"Münaqişənin yenidən başlaması ilə bağlı bu çağırışlara necə reaksiya verəcəyinə qərar vermək Paşinyandan asılıdır, lakin sülh prosesini ləngitməklə müharibə qızışdıranları sakitləşdirmək cəhdlərinə baxmayaraq, Paşinyanın son hərəkətləri Bakı ilə sülh sazişinin yekunlaşdırılması və regional inteqrasiyanın əldə olunmasına kömək etmək öhdəliyini nümayiş etdirdi.

Altı bəndlik təklifin təqdim edilməsi təbliğat deyil, xoşməramlılıq və problemin həllinə maraq göstərən mühüm təşəbbüsdür. Bu etirazlar və zorakılığa çağırışlar əslində konkret, praktiki addımlara qarşı əks-məhsuldar, yetişməmiş və öz şəxsi maraqlarına xidmət kimi görünür. Ermənistan əhalisinin çoxu onları başqasının daha uğurlu təşəbbüslərini sarsıtmaq üçün spekulyasiya cəhdlərindən başqa bir şey kimi görməyəcək. Ümumiyyətlə, bu, müsbət qarşılanmayacaq. Ermənistan bilir ki, onun növbəti müharibədə ağır məğlubiyyət alması üçün hər şey var.

Ermənistanın Qarabağı yenidən işğal etməyə, o bölgədəki bütün imkanlara, resurslara və maraqlara qarşı heç bir real ümidi yoxdur. Ermənistan revanş barədə yox, müharibənin ağır nəticələrini aradan qaldırmaq və beynəlxalq səhnədə alt-üst olan imicini bərpa etmək haqda düşünməlidir. Görünür, Rusiya zaman keçdikcə nəzarəti itirdiyi üçün Cənubi Qafqazda daha çox xaos yaratmaq və diqqəti yayındırmaqdan başqa çıxış yolu görmür. Bu səbəbdən də heç bir səbəb olmadan Ermənistan əhalisinin və müxalifətinin bəzi təbəqələrini ölkənin maraqlarına zidd hərəkətlərə təhrik etməyə hazırdır".

Təhməz Əsədov
Milli.Az