Britaniyada səslərin hesablanması başa çatdı

8 May 2010 10:20
Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, səslərin 100%-nin hesablanmasından sonra Mühafizəkar Partiyanın qələbə qazandığı rəsmən təsdiqlənib. Bu partiya parlamentdə 306 yer qazanıb. Bu, 2005-ci il seçkisilə müqayisədə 97 mandat artıqdır. Amma mühafizəkarların mütləq çoxluq əldə etməsinə 20 mandat çatmayıb. Bu səbəbdən də yeni hökumətin koalisiya əsasında formalaşdırılması qaçılmazdır.

Baş nazir Qordon Braunun rəhbərlik etdiyi Leyboristlər Partiyası isə yeni parlamentdə 258 deputat yeri qazanıb və bununla da leyboristlərin ardıcıl olaraq 13 ildir davam edən hakimiyyəti başa çatıb. Onlar ötən seçki ilə müqayisədə 91 mandat itirib.

Yeni parlamentdə daha 57 yeri Liberal-Demokrat Partiyası, 27 yeri isə Şotlandiya, Uels və Şimali İrlandiyanın milli partiyaları birlikdə qazanıblar. İlk dəfə olaraq, Böyük Britaniya parlamentinə "yaşıllar"ın üzvü də düşüb.

Milli.Az