Aİ və Azərbaycan Xəzər qazının ixracının artırılması perspektivlərini müzakirə edib

14 May 2022 13:25

Mayın 13-də Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri və Azərbaycan hökumətinin nümayəndələri Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sahəsində anlaşma memorandumuna uyğun olaraq enerji məsələlərinin müzakirəsi üçün görüş keçirib.

Trend bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.

Qeyd olunub ki, görüş enerji sektorunda cari əməkdaşlıq və Azərbaycan qazının Aİ-yə ixracının həcminin artırılması perspektivlərinin müzakirəsinə həsr olunub.

Aİ nümayəndələri Xəzər regionundan boru kəmərləri ilə qaz tədarükünün artırılmasında böyük marağın olduğunu vurğulayıb və bunun yaxın illərdə Rusiya xammalından imtinaya yönəlmiş "REPowerEU" strategiyasının prioritetlərinə uyğun olaraq enerji mənbələrinin şaxələndirilməsinə əsas töhfə olduğunu qeyd edib.

"Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simsonun 2022-ci il fevralın 4-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasında iştirakından və Azərbaycan hökumət nümayəndələri ilə görüşlərindən sonra Avropa Komissiyasının energetika üzrə direktorluğunun enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə energetika nazirinin müavini Elnur Soltanovun enerji sahəsində anlaşma memorandumu ilə bağlı növbəti görüşü keçirilib", - Avropa Komissiyasının bəyanatında deyilir.

Bildirilib ki, qlobal enerji problemlərinin kəskinləşməsi kontekstində Aİ ilə Azərbaycan arasında sabit ikitərəfli enerji əlaqələri və əməkdaşlıq rəqabətədavamlı, şaxələndirilmiş və etibarlı qaz tədarükünə xidmət edən əsas amildir.

Milli.Az