Prezident Qarabağ Zəfəri ilə dünyaya liderlik nümunəsi göstərdi - Xalq rəssamı Əşrəf Heybətov - VİDEO - FOTO

13 May 2022 16:58

Vətən Müharibəsi başlayan gün böyük bir əsər üzərində işə başladım və adını "Qarabağda Qələbə bayramı" adlandırdım. Çünki, hər bir azərbaycanlı kimi mən də öz dövlətimə, öz qətiyyətli prezidentimə inanırdım, biz əmin idik ki, müharibədə tarixi qələbə qazanacayıq. Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya səs salan Zəfər qazandı və biz tarixi torpaqlarımızı azad etdik. Azərbayanın adı dünya tarixinə qızıl hərflərlə yazıldı".

Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində dünya şöhrətli xalq rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətov bildirib.

Xalq rəssamı əlavə edib ki, Dünya Azərbaycanlılarının V Qurulyatı zamanı onun Şuşada ilk sərgisi təşkil olunub:

"Mənim ən böyük arzum Şuşada sərgi açmaq idi. Çox xoşbəxtəm ki, bu arzuma çatdım. Həyatımda bundan böyük sevinc təsəvvür etmirəm. Bunun üçün Prezident İlham Əliyevə, qələbəmizi bizə bəxş edən qəhrəman ordumuza sonsuz minnətdaram", - deyə xalq rəssamı əlavə edib.

Ə.Heybətov həmçinin bildirib ki, Qarabağ zəfərindən sonra soydaşlarımız xarici ölkələrdə böyük fəxr və qürur hissi ilə təmsil olunurlar:

"Biz əvvəllər utanc hissi keçirirdik, torpaqlrımızı itirmişdik, başımız aşağı gəzirdik. Amma indi alnımız açıqdır, başımızı dik tutub gəzirik, çünki bütün dünyaya liderlik nümunəsi göstərdik".

Xalq rəssamı onu da bildirib ki, bir müddət əvvəl Ağdamda və digər azad edilmiş ərazilərə səfər edib, işğal dövründəki dağıntılarla, erməni vandalizmi ilə, eyni zamanda hazırda aparılan bərpa-quruculuq işləri tanış olub.

"Ağdamdakı dağıntılar insanı dəhşətə gətirir. Gördüyüm mənzərələrlə bağlı 12 əsər işləmişəm, amma rəngli yox, ağ-qara formatda. Çünki, bu dəhşətləri yalnız ağ-qara təsəvvür etmək olar", - deyə Ə.Heybətov qeyd edib

Müsahibənin videovariantını təqdim edirik.

Milli.Az