Bakı ilə Ər-Riyadın əlaqələri: Görünən detallar və görünməyən təfərrüatlar

13 May 2022 12:56

İslam dünyası və ərəb ölkələri ilə əlaqələrin qurulması, inkişafı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müsəlman aləminin qabaqcıl ölkələrindən biri olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımız məhz Ulu Öndərin uzaqgörən xarici siyasəti nəticəsində bu gün ən yüksək səviyyəsinə çatıb. İslam həmrəyliyi ideyasını yüksək qiymətləndirən Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra bu sahədə geniş diplomatik səylərin təməlini qoyub.

Azərbaycanı Səudiyyə Ərəbistanı ilə sıx tellər bağlayır. İslamın müqəddəs məkanlarının bu ölkədə yerləşməsi, hər il minlərlə azərbaycanlının iki müqəddəs məscidi ziyarət etməsi ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm amildir. Həcc və Ümrə ziyarətləri Azərbaycan xalqının İslam dinini qəbul etdiyi orta əsrlərdən bu günə qədər davam edir və şübhəsiz ki, gələcəkdə də davam edəcəkdir. Ortaq tarix, mədəniyyət və ənənələr xalqlarımız arasında mənəvi körpü rolunu oynayır. Hələ orta əsrlərdə bir çox Azərbaycan şairləri ərəb dilində yazıb yaradıblar. Bu əsərlər dünya ədəbiyyatının inciləri olmaqla yanaşı, Azərbaycan və ərəb mədəniyyətlərinin inkişafında böyük rol oynayıb.

AZƏRTAC iki ölkə arasında münasibətlərin tarixinə nəzər salır.

Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. 1992-ci il fevralın 24-də iki ölkə arasında diplomatik əlaqələr yaranıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi, iki ölkə arasında münasibətlərin real inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il iyulun 13-də Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşən Ulu Öndər öz müsahibəsində deyib: "İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı Məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm". Səfər çərçivəsində Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və digər rəsmi şəxslərlə danışıqlar aparıb, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb, həmçinin Birgə Bəyanat qəbul edilib.

İslam dininə böyük ehtiram göstərən Ulu Öndər müqəddəs Kəbəni ziyarət edib. 1994-cü il iyulun 12-də Peyğəmbər Məscidi ilə tanışlıqdan sonra jurnalistlərlə görüşdə Heydər Əliyev bəyanatla çıxış edib. Bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirən Ulu Öndər deyib: "Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır".

Qeyd edək ki, məhz həmin səfər zamanı Səudiyyə Ərəbistanının Azərbaycanın ədalətli mövqeyinə dəstəyi bu gün də davam edir. Rəsmi Ər-Riyad təcavüzkar Ermənistanı bir dövlət kimi tanımaqdan imtina edir. Eyni zamanda, ölkəmiz üçün ağır olan ötən əsrin 90-cı illərində dost ölkə azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edib. 1997-ci il dekabrın 11-də İslam Konfransı Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olan Heydər Əliyev Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla İbn Əbdül Əziz Al Saud ilə keçirdiyi görüşdə azərbaycanlı qaçqınlara göstərilən humanitar yardıma görə Səudiyyə Ərəbistanının rəhbərliyinə minnətdarlığını bildirib. Bu görüşlərin nəticəsi olaraq, 1994-1999-cu illər ərzində azərbaycanlı qaçqın və köçkünlərə Kral Fəhdin yardım proqramı çərçivəsində dəfələrlə ərzaq, dərman və digər məhsullardan ibarət humanitar yardımlar göstərilib. 1993-cu ildən Azərbaycanda fəaliyyət göstərən Səudiyyə Ərəbistanının NİCAT təşkilatı Bərdə rayonunda ümumi sayı 8300 nəfərlik iki çadır səhərciyi və Sumqayıt səhərində 2700 nəfərlik bir düşərgəni tam təmin etməklə yanaşı, tibbi yardım da həyata keçirib.

Rəsmi Ər-Riyadın bu prinsipial mövqeyi sonralar da davam edib. 2003-cü il iyunun 7-də ümummilli lider Heydər Əliyev Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Hümeydlə görüşü zamanı səudiyyəli spiker bu sabit və qətiyyətli mövqeyi bir daha vurğulayıb. Ulu Öndər isə öz çıxışında qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün islamiyyətin köküdür. O əlavə edib ki, biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi. Müsəlman kimi biz həmişə Səudiyyə Ərəbistanına hörmət edirik, əlaqələrimizi daha da genişləndirmək istəyirik.

Ulu Öndərin İslam dünyası, o cümlədən Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı kursunu davam etdirən Prezident İlham Əliyevin 2005-ci il martın 8-də dost ölkəyə səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələ olub.

Dövlətimizin başçısının İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbdüləziz Al Səudla təkbətək görüşü zamanı ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev isə Azərbaycanın ali mükafatını - "İstiqlal" ordenini Kral Fəhd bin Əbdüləziz Al Səuda təqdim edib. Kral Fəhd bin Əbdüləziz Al Səud öz növbəsində Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanı Krallığının ali dövlət mükafatı - "Kral Əbdüləziz" ordeni ilə təltif edib. Bu orden dünyanın ən nüfuzlu, ən görkəmli siyasi xadimlərinə təqdim olunur. Dövlətimizin başçısı dost ölkənin ən nüfuzlu mətbuat orqanı olan "Ər-Riyad" qəzetinə, habelə Səudiyyə Ərəbistanının hökumət televiziya xidmətinə müsahibəsində də ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb, rəsmi Ər-Riyadın ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini xüsusi olaraq qeyd edib.

Prezident İlham Əliyevin səfəri zamanı iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq kredit sazişi, Səudiyyə Ərəbistanı Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb. Dövlətimizin başçısı krallığın işgüzar dairələrinin nümayəndələri ilə keçirdiyi görüşdə bu cür tədbirlərin ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlığın yaradılması üçün faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev Məkkədə Əl-Həram məscidinə gəlib, müqəddəs Kəbəni ziyarət edib. O, Ulu Öndərin siyasətinin davamı kimi İslam həmrəyliyinin əhəmiyyətini vurğulayıb. Sonra Prezident İslam dünyasının müqəddəs yerlərindən olan Mədinə şəhərində olub. Azərbaycan dövlətinin başçısı xanımı və qızları ilə birlikdə Peyğəmbər məscidinə gedərək Həzrəti Məhəmmədin qəbrini ziyarət edib.

Dövlətimizin başçısının bu səfəri ölkəmizin iqtisadi maraqları baxımından da önəmli olub. Belə ki, mərkəzi qərargahı Ciddədə yerləşən İslam İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında Yevlax-Gəncə magistral yolunun və Samur-Abşeron kanalının Vəlvələçay-Taxtakörpü hissəsinin yenidən qurulması ilə bağlı kredit sazişləri imzalanıb.

2005-ci il dekabrın 6-da Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının üçüncü fövqəladə Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı Məkkə səhərində Kral Abdullah bin Əbduləziz Al Səud və Vəliəhd Əmir Sultan bin Əbduləziz Al Səud ilə görüşüb. Bu görüşlər də ikitərəfli əlaqələrin inkişafına təkan verib.

İki dost ölkə arasında əməkdaşlığın möhkəmlənməsi prosesi 2015-ci ilin aprel ayında Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərindən sonra yeni vüsət alıb. Azərbaycanla Səudiyyə Ərəbistanı investorları arasında etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı istiqamətində yeni addımlar atılıb, Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA POWER" şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələri imzalanıb.

Azərbaycanın dövlət başçısı və Səudiyyə Ərəbistanının Kralının qarşıya qoyduqları vəzifələrin yerinə yetirilməsi ötən il maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin sədrliyi ilə Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının gündəliyinə daxil edilib. İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunub. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verən Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov Qarabağ regionunun minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin, infrastrukturun bərpası işlərinin sürətlə həyata keçirildiyini bildirib, Səudiyyə Ərəbistanı şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştiraka dəvət edib.

Azərbaycanın maliyyə naziri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyyəli investorları sənaye zonalarına və aqroparklara, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı və Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı Sənaye parkları və Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinə sərmayə yatırmağa dəvət edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu və Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycanda turizm infrastrukturunun inkişafına öz töhfəsini verə biləcəyini diqqətə çatdıran nazir, eyni zamanda, kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılmasının, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrinə səudiyyəli iş adamlarının cəlb edilməsinin, Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına idxalının potensial əməkdaşlıq sahələri kimi önə çəkib.

Səudiyyə Ərəbistanının bir neçə şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir, bu baxımdan "ACWA Power" şirkətinin digər şirkətlərə nümunə göstərmək olar.

Komissiyanın iclasında qeyd olunub ki, koronavirus pandemiyası ötən il ölkələrimiz arasında ticarət əlaqələrinə mənfi təsir göstərsə də, 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 47,3 faiz artıb.

Eyni zamanda, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təqdimat keçirilib. Bundan əlavə, Səudiyyə Ərəbistanı Krallığının investisiya, nəqliyyat və logistika imkanları barədə bu ölkənin İnvestisiya Nazirliyi tərəfindən təqdimat olub.

Müzakirələrin yekunu olaraq həmsədrlər Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının Protokolu imzalanıb. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Bu il yanvarın 12-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Al Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev işğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı deyib: "Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım. Hesab edirəm ki, biz artıq bu mühüm infrastruktur layihəsinin icrası zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini nəzərdən keçirə bilərik".

Yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Al Səud Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətləri sayəsində OPEC+ çərçivəsində əldə edilən uğurların əhəmiyyətini vurğulayıb. O deyib: "Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq".

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı ilə əlaqələrin möhkəmlənməsini bu il mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı da vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Dövlətimizin başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan Prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib, bu ölkənin "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirib.

Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını söyləyib.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanının rəsmiləri, o cümlədən Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Vətən müharibəsində Qələbəsini sevinclə qarşıladıqlarını qeyd edib, bu münasibətlər təbriklərini çatdırıblar. Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorunun bu il mayın 11-də Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı Şuşaya səfəri də iki ölkənin münasibətlərində əlamətdar hadisədir. Bundan başqa, krallığın politoloq və jurnalistləri də işğaldan azad olunmuş ərazilərimizə səfərlər ediblər. Bu ölkənin "Ər-Riyad", "Məkkə", "Əl Cəzirə" qəzetlərində Azərbaycanın şanlı Zəfərini bütün İslam dünyasının Qələbəsi kimi təqdim edən məqalələr dərc olunub.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin münasibətlərinin inkişaf səviyyəsinə uyğun olaraq, AZƏRTAC ilə Səudiyyə Xəbər Agentliyi (SPA) arasında sıx tərəfdaşlıq əlaqələri qurulub. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir. SPA agentliyi 2013-2016-cı illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. 2016-cı ildə Dünya Xəbər Agentlikləri Konqresinin Ər-Riyadda keçirilən iclasında AZƏRTAC səsvermə yolu ilə bu mötəbər quruma sədr seçilib. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) üzvü olan hər iki agentlik ötən müddətdə tərəfdaşlıq əlaqələrini daha da genişləndirə bilib. Hazırda AZƏRTAC mənzil-qərargahı Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Şura üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, agentliklər arasında əlaqələrin möhkəmlənməsi məsələləri 2019-cu ilin dekabrında Ciddə şəhərində Şura sədri, Səudiyyə Ərəbistanının informasiya naziri ilə AZƏRTAC-ın İdarə Heyətinin sədrinin görüşü zamanı müzakirə edilib.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mədəni əlaqələr də inkişaf edir. Qeyd etmək yerinə düşər ki, hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olub. Bu sahə üzrə Azərbaycanda dünya səviyyəli alimlər yetişib. Müstəqillik əldə etdikdən sonra isə iki ölkə arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 2007-ci il noyabrın 10-17-də Səudiyyə Ərəbistanının Ər-Riyad, Ciddə və Dəmmam səhərlərində Azərbaycanın Mədəniyyət Günləri keçirilib. Bir il sonra, iyunun 17-21-də isə ölkəmizdə Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri olub. Dost ölkənin nümayəndə heyətinin rəhbəri olan krallığın mədəniyyət və informasiya naziri İyad bin Əmin Əl-Mədənini qəbul edən Prezident İlham Əliyev bu tədbirin xalqımızda Səudiyyə Ərəbistanının tarixi, mədəniyyəti barədə geniş məlumat yaradacağını qeyd edib.

2010-cu il martın 29-da Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi əlamətdar hadisə olub.

Bu yaxınlarda yayılmış Beynəlxalq Valyuta Fondunun hesabatında göstərildiyi kimi, Səudiyyə Ərəbistanının iqtisadi qüdrəti getdikcə artır və cari ilin sonunda onun iqtisadiyyatının həcmi ilk dəfə 1 trilyon dollara çatacaq. İslam aləminin qabaqcıl ölkəsinin tərəqqisi digər müsəlman xalqlarının da maraqlarına xidmət edir. Kral Salman Humanitar Yardım və Bərpa Fondu, Səudiyyə İnkişaf Fondu tərəfindən son 10 ildə silahlı münaqişələr, quraqlıq, aclıq və təbii fəlakətlərdən əziyyət çəkən ölkələrə 192,3 milyard dollar məbləğində müxtəlif yardımlar edilib. Ötən il təkcə Yəmənə edilən yardımın məbləği 430 milyon dollar olub.

Sonda qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin inkişafının geniş perspektivləri hər iki ölkənin xalqına rifah və tərəqqi vəd edir.

Milli.Az