105 yaşlı nənə uzunömürlü olmağın sirrini açıqladı - VİDEO

13 May 2022 18:24

1917-ci ildə Ağsu rayonunun Bicov kəndində doğulub Nasxanım nənə. Deyir ki, uzunömürlülüyünü gündə 3 dəfə, həmişə də eyni vaxtda qidalanmasına borcludur. Ağbirçəyin sözlərinə görə, yemək rejiminə diqqət etməklə yanaşı, fiziki işlə məşğul olması və əməksevərliyi də onu gümrah saxlayıb. Zəhmətkeş Snənə uzun müddət arı saxlayıb, bal kəsib, üzüm bağlarında və pambıq sahələrində işləyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Nasxanım nənənin uzunömürlülüyünün sirlərindən biri də sakit təbiətli olmasıdır. 106-cı yaşını qeyd etməyə hazırlaşan ağbirçək zarafatlaşmağı, deyib-gülməyi də çox sevir. Başqaları haqqında danışmağı, qeybəti isə qəbul etmir. Düşünür ki, belə hallar insanın ömrünü qısaldır.

Qızı Yavər İmaməliyeva deyir ki, anası ancaq təbii ərzaqlarla qidalanır, quzu ətindən başqa heyvan əti yemir. 

105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi və 2 kötücəsi var.

Milli.Az