Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü: “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm”

13 May 2022 10:24

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb. 

Milli.Az xəbər verir ki, 37 yaşlı Zahid Niyazov bununla bağlı özü məlumat paylaşıb.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:

"Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm".

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

Milli.Az