Məni xilas edin deyib kömək istədi, ölümünü qızından gizlətdilər, iynə vurub səhnəyə çıxdı...

15 May 2022 13:00

Milli.Az Kulis.az-a istinadən Əməkdar artist Xanım Qafarova haqda 10 maraqlı faktı təqdim edir.

1. Xanım Qafarova Musiqili Komediya Teatrının parlaq, yadda qalan və həyat enerjisi ilə dolu aktrisası idi. Komediyalardakı aparıcı rollardan başqa vokal səsli aktrisa mahnı ifaçılığı ilə də tamaşaçılara öz pozitiv enerjisini ötürürdü.

2. Xanım Qafarova Musiqili Komediya Teatrının əsas simaları olan Hacıbaba Bağırov, Afaq Bəşirqızı nəslindən sonra onların yetirməsi kimi teatrın ulduzu sayılırdı. Teatr səhnəsindəki rolları ilə bərabər "Kənddən gələn var", "Adam ol", "Yuxu", "Qaynana" kimi film və teletamaşalarda yaratdığı obrazlar da yaddaqalandır. Komik planlı aktrisa olmasına baxmayaraq faciəvi taleyinə görə beş ildir ki, tamaşaçılar tərəfindən ağrı və kədərlə xatırlanır.

3. 47 illik ömrünün böyük bir hissəsini səhnədə parlaq obrazlara sərf edən aktrisa divarları daşdan belə olmayan dəmir qarajda yaşayırdı. Səhnədə ekranda bir-birindən parlaq obrazlarda görünən aktrisanın miskin bir daxmada yaşaması da tamaşaçıları onun ağır xəstəliklə mübarizəsini izləməkdən az məyus etməmişdi.

4. Ailə həyatı da uğursuz olmuşdu. Həyat yoldaşının ikinci xanımı olan aktrisanın bu evlilikdən Gövhər adında qızı var. Lakin müəyyən səbəblər üzündən cütlük bir yerdə yaşaya bilmədi və Xanım Qafarova dəstəyə ehtiyacı olduğu vaxtda kiçik daxmada qızı və anası ilə yaşadı. Aktrisanın həyat yoldaşı yalnız onun yeddi mərasimində göründü.

5. Aktrisanın həyat yoldaşı Aqil Gülmalıyev Xanım Qafarova ilə dini kəbinlə evləndiklərini və bir müddət xoşbəxt yaşadıqlarını mətbuata açıqlamışdı. Aqil bəy daha sonra bunları söyləyib: "Biz Xanımla ayrılmamışdıq. İstəsəniz, onun anasından indi də soruşa bilərsiniz. Sadəcə, onun xəstəliyinə və ev şəraitinə görə bir yerdə yaşaya bilmirdik. Evim Mehdiabad qəsəbəsindədir, Xanım orda yaşamaq istəmədi. Çünki işlədiyi Musiqili Komediya Teatrından uzaqda idi. Bəzən elə olurdu ki, gündə üç dəfə işə gedib-gələsi olurdu. Aldığı maaş da elə yüksək deyildi ki, taksiyə versin. Ona görə qərara gəldik ki, işinə yaxın yerdə yaşasın. Qismətdə elə gətirdi ki, "Kubinka"da balaca, şəraitsiz evdə yaşayası oldu, amma mənsiz. Mən o evdə yaşaya bilməzdim. Xanıma bir gün təklif elədim ki, gəl kirayə ev tutaq, bir yerdə qalaq, amma razı olmadı. Hətta bu təklifi o, xəstə olanda da etmişdim. Etiraf edirəm, mən öz evimi qoyub, o balaca evdə bir gün də yaşamaram. Ayrı yaşamağımıza da səbəb bu oldu. O, mənimlə bir yerdə qalmaq istəmədi".

***

6. Ölümündən bir neçə gün əvvəl yoldaşı X.Qafarova ilə görüşüb və aktrisa qızını ona tapşırıb. Deyib ki, qızıma nənəsi baxsın. Onları bir-birindən ayırma. Yoldaşı da bununla razılaşıb.

7. Müsahibələrinin birində xərçəng xəstəliyindən danışan aktrisa onu da vurğulayıb ki, ağrılar onu gülməkdən, işə çıxmaqdan ayrı qoymayıb: "İçdən deyib gülmüşəm, işə də çıxmışam. Səhnənin kənarında iynə vurub səhnəyə çıxıb rolumu oynamışam. Xəstə olduğumu insanlara hiss etdirməmişəm. Dərmanlar atıb səhnəyə çıxmışam".

***

8. Xəstəliyinin şiddətləndiyi vaxt mətbuat vasitəsi ilə müraciət etmişdi: "Ölmək istəmirəm, xilas edin məni. Sizin vasitənizlə imkanı olan insanlara səslənirəm, mənə yardım edin. Dərdimə əlac İsraildədir. Amma bunun üçün maddi dəstəyim yoxdur. İnanırsınız, bu sözləri demək mənə nə qədər ağırdır. Xəcalət çəkirəm. Amma övladıma görə, bu müraciəti elədim. O, bu dünyada tək qalmasın. Hələ balacadır".

***

9. Xərçəngdən əziyyət çəkən Xanım Qafarovanın son günləri tamaşaçıları sarsıtdı: məşhur sənət adamı olması, mübarizliyi, pozitivliyi, möhkəmliyi həyatın amansızlığına qalib gələ bilmədi. Sənətçi yoxsul daxmasında yaşayıb ağrılar içində, 6 yaşlı tək qızından nigaran halda dünyanı tərk etdi.

10. Aktrisanın qızı Gövhər anasının ölümündən xəbərsiz olubmuş. Dua edib deyirmiş ki, razıyam 5 il anamı görməyim, amma o sağ-salamat müalicədən qayıtsın. Elə bilirmiş ki, Xanım Qafarova hələ də Türkiyədə müalicə olunur. Onu da qeyd edək ki, Gövhər anasının sənətinə diqqətsiz qalmayıb. Ötən il Türkiyənin kino ulduzu Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2" filminin çəkilişlərinə qatılan 11 yaşlı qız anasının sənətini sevsə də, vəkil olmaq arzusundadır.

Milli.Az