"Hansı xarici ölkə nümayəndəsinə yaxınlaşıb Nadiri soruşdumsa..." - Murad Arif

12 May 2022 20:24

"Nadiri xarici mətbuat nümayəndələri çox sevir. Hansı xarici ölkə nümayəndəsinə yaxınlaşıb Nadir haqda soruşdumsa, müsbət fikirlər səsləndirdilər. Dedilər ki, Azərbaycan bu il yarışmaya çox güclü, qüdrətli bir səs göndərib. Hətta söyləyirlər ki, belə bir səs nə vaxtsa "Avroviziya"da qalib olmalıdır. Əgər bu il bu mahnı ilə alınmasa, onu bir də göndərin, daha gözəl mahnı ilə. Bu elə bir səsdir ki, qalib olmağa qadirdir. Bunu başqa ölkələrin təmsilçiləri, müğənnilər, mətbuat deyir".

Bu sözləri Axşam.az-a açıqlamasında hazırda İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya"nın Azərbaycan şərhçisi, müğənni-bəstəkar Murad Arif deyib. Bir neçə gündür Turində olan ifaçı təmsilçimiz Nadir Rüstəmli ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, digər ölkələrin təmsilçiləri Nadirin səsini çox bəyənir:

"Nadir insanlara mətbuatla görüşlərdə şirin gəlir. İştirakçı və səs baxımından Azərbaycan bu il quşu gözündən vurub".

M.Arif "Azərbaycanın təmsil olunduğu "Fade to back" mahnısını bu il neçənci yerdə görürsünüz" sualına belə cavab verib:

"Avroviziya" mahnı müsabiqəsində bəzən gözəl səsi olanlar yer tuta bilmir. Mahnıdan asılı məqamlar var. Mahnı hitdirsə Top 5-ə düşürük, hit deyilsə yox. Proqnoz vermək çətindir. Amma bu gün ilk beşliklə bağlı təxminlərdə yoxuq".

Milli.Az