Xaricdən gətirdiyi avtomobili bu vəziyyətdə tapdı - VİDEO

12 May 2022 18:06

Paytaxt sakininin avtomobili qarət edilib. O xaricdən aldığı maşınını Qaradağda gömrük məntəqəsinin qarşısında saxlayıb. Bir neçə gün sonra gələrkən nəqliyyat vasitəsinin yerində olmadığını görüb. Bəs vətəndaşın avtomobilini oradan kim ərazidən aparıb və qarət faktı hansı şəraitdə baş verib?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 13 min manata aldığı avtomobil qarət edilib. Bu iddia ilə paytaxt sakini Azər Rəcəbov çıxış edib. O bildirib ki, ABŞ-dan aldığı avtomobili bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Qaradağ rayonu ərazisindəki idarəsində gömrük məntəqəsində rəsmiləşdirib. Daha sonra nəqliyyat vasitəsini məntəqənin qarşısındakı dayanacaqda müvəqqəti saxlayaraq gedib. Bir neçə gün sonra onu götürməyə gələndə yerində olmadığını görüb. 

Azər Rəcəbov bundan sonra həm Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, həm də Qaradağ Rayon 10-cu polis bölməsinə məlumat verib. O iddia edir ki, ərazidə xidmət aparan yol polisi əməkdaşlarından biri məlumat verib ki, nəqliyyat vasitəsini məhz yol polisi duracaqdan götürərək sahibsiz əraziyə atıb. 

Zərərçəkmişin iddiasına görə yol kənarına atılmış avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib və ona ümumilikdə 2000 manat məbləğində ziyan dəyib. 

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, vətəndaşın iddiaları araşdırılır. Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək və vətəndaş bu barədə məlumatlandırılacaq.

Milli.Az