Trampın gündəlik 10 min dollar ödəmək cəzası ləğv edildi

11 May 2022 23:23

Nyu York ştatı məhkəməsi ABŞ-ın eks-prezidenti Donald Trampı 110 min dollar məbləğində cərimələyib.

Trend xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, daha əvvəl D.Tramp məhkəməyə hörmətsizliyə görə hər gün 10 min dollar məbləğində cərimə ödəməli idi. Lakin məhəkəmə bu qətnaməni ləğv edərək, eks-prezidenti 110 min dollar birdəfəlik cərimələyib. Bu məbləğ aprelin sonundan yığılmış ödəmələrin cəmidir.

Bundan əlavə, D. Tramp mayın 20-dək qətnamənin tələblərinə tam əməl etməsə, o zaman hörmətsizlik barədə qəbul olunan qərar yenidən qüvvəyə minəcək və bununla da əlavə cərimələr tətbiq olunacaq.

Aprelin əvvəlində Nyu-Yorkun baş prokuroru Letisia Ceyms Trampın sahibi olduğu "Trump Organization"da maliyyə fırıldaqçılığı iddiası ilə onu mühakimə etmək niyyətində olduğunu açıqlamışdır.

Milli.Az