Rusiya əmlakının müsadirəsi haqqında fərman Radaya təqdim edildi

11 May 2022 22:49

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərman təqdim edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenskinin fərmanını təsdiq edən müvafiq qanun layihəsi çərşənbə günü Ukrayna parlamentinin saytında 7371 nömrəsi ilə qeydə alınıb.

"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüquqları obyektlərinin zorla ələ keçirilməsi haqqında Ukrayna Prezidentinin fərmanı 6 aydan gec olmayaraq təsdiq edilməlidir", - deyə qanun layihəsində deyilir.

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, hakimiyyət müsadirə edilmiş Rusiya aktivlərindən ölkənin bərpası üçün istifadə etmək qərarına gəlib. Onlar "Ukrayna Milli İnvestisiya Fondu" dövlət müəssisəsinə veriləcək.

Şmıqalın sözlərinə görə, müsadirə olunan aktivlər və vəsaitlər fondun doldurulmasının əsas mənbələrindən birinə çevriləcək:

"Rusiyanın ölkəmizdə sahib olduğu hər şeyi alacağıq və bu vəsaiti ordumuzu gücləndirmək, xalqımızı dəstəkləmək və ölkəmizi bərpa etmək üçün istifadə edəcəyik".

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülkiyyət hüquqları obyektlərinə zorla müsadirə etmək barədə qərar qəbul edib.

Öz növbəsində ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyalara görə həbs qoyulan Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadə edilməsinə icazə verən qanun qəbul edib.

Milli.Az