Zəfər Muzeyi üçün toplanan eksponatların sayı açıqlanıb

11 May 2022 13:45

Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi fondunun təşkili üçün ötən ilin yanvar ayından lazımi materialların toplanılması davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bütün eksponatlar Azərbaycan İstiqlal Muzeyində toplanılır.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli isə Trend-in suallarına cavab olaraq bildirib ki, 2021-ci ilin yanvar ayından bu günədək 7224 eksponat toplanılıb.

"Eksponatlar Vətən müharibəsində iştirak edən hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri və xəritələrdən ibarətdir. Hətta bir neçə şəhid ailəsi həmin şəhidə məxsus bütün orden və medalları muzey üçün təqdim edib.

Muzeydəki eksponatlar yalnız 44 günlük Vətən Müharibəsinə həsr edilmir. Burada həmçinin Azərbaycan tarixinə məxsus xəritələr, kitablar, Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində iştirak edənlərə, şəhid olanlarla, qazilərə məxsus əşyalar və məlumatlar yer alacaq. Eksponatların toplanılmasında vətəndaşlarla yanaşı dövlət qurumları da iştirak edir",- deyə o bildirib.

Xatırladaq ki, 2020-ci il dekabrın 3-də Azərbaycan Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Milli.Az