"Putinin Ukraynadakı müharibəsi yaxın aylarda daha ​​gözlənilməz olacaq" - ABŞ Kəşfiyyatı

11 May 2022 17:30

"ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda daha ​​gözlənilməz olacaq və gərginləşəcək".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Haines deyib.

O, Vladimir Putinin növbəti addımını proqnozlaşdırmağın çətin olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Prezidentinin ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluq mövcuddur: "Hazırkı durum Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artırır. Putinin Rusiyanın mövcudluğu ilə bağlı təhlükə hiss etməyəcəyi təqdirdə nüvə silahından istifadə edəcəyi inandırıcı deyil".

Haines həmçinin bildirib ki, Putinin hədəfləri Donbassdan çox kənara çıxır: "Donbasdakı döyüşlərin müharibəni bitirəcəyinə əmin deyilik. Putin qısa müddətdə Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti təmin etmək və potensial olaraq tanınmamış Dnestryanı quru yolunu genişləndirmək istəyir. Amma Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq. Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük".

Milli.Az