İrəvanın gizli müharibə hazırlığı - Bakının cavabı gecikmədi

11 May 2022 11:36

Sülh anlaşmasını uzatmaqla Ermənistan özünə daha dərin quyu qazmaqdadır; bir qrup tanınmış erməni Paşinyana səsləndi: "Azərbaycana qarşı ərazi iddiasından əl çək, vədinə əməl et!.."

Milli.Az "Yeni Müsavat"da dərc olunan məqaləni oxucularına təqdim edir:

Ermənistan rəhbərliyinin sülh oyununun konturları getdikcə daha qabarıq görünməkdədir. Baş nazir Nikol Paşinyan üçün götürdüyü yazılı öhdəliklərdən yayınmaq, deyəsən, ənənə halı almaqdadır. Onun kapitulyasiya aktından az sonra elan elədiyi "sülh erası" isə görünür, vaxtı uzatmağa hesablanmış siyasi-diplomatik fənddir. Hansı ki, belə görünür, rəsmi Moskvanın da işinə yarayır. Rusiyaya bağlı radikal-revanşist qüvvələrin İrəvanda səngiməyən antisülh aksiyaları və isterikası həm də bundan xəbər verir.

Elə olmasaydı, Nikol Paşinyan 14 dekabr 2021 və 6 aprel 2022-ci il tarixli üçtərəfli Brüssel görüşlərində verdiyi vədləri vaxtında yerinə yetirərdi. Onlardan biri də aprel ayının sonunadək Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı ortaq işçi komissiyaların hazırlanması ilə bağlı idi. Ancaq Azərbaycan tərəfdən komissiyanın milli tərkibi hazır olsa da, İrəvan hələ də qəti qərara gələ bilmir.

Mayın 2-də Brüsseldə Ermənistanın təhlükəsizlik katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında baş tutan və prosesi irəli aparmaq, bundan dolayı liderlərin daha bir görüşünü hazırlamaq  niyyəti güdən danışıqlardan isə məlum oldu ki, Hacıyev-Qriqoryan görüşü məhz İrəvanın qeyri-konstruktivliyi üzündən nəticəsiz bitib. Bəlli oldu ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi üçün Bakının 5 məlum şərtini formal olaraq qəbul edib, gerçəkdə isə həmin 5 şərtə özünün 6-cı - "artsax" şərtini əlavə eləməyə çalışır. Başqa sözlə, Qarabağ ermənilərinin "hüquqlarının və təhlükəsizliyinin tam təmin olunmasına" Bakıdan zəmanət istəyir və yalnız bundan sonra sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir.

*****

Yəni Azərbaycanın daxili işi ilə bağlı məsələni bəhanə edib bizə şərt qoymağa davam edirlər. Bir qədər fərqli terminlər altında ölkəmizə qarşı rəsmi səviyyədə ərazi iddiasını gizlətmirlər. Eyni hiyləgər yanaşma Paşinyanın 9 mayla bağlı erməni xalqına ünvanlandığı müraciətdə də yer alır.

Müraciətdə deyilir: "Məhz atalarımızın və babalarımızın ruhu 1990-cı illərin əvvəllərində könüllülərin əzmi ilə birləşərək "artsax"ın yaşamaq uğrunda mübarizəsinin, birinci "artsax" müharibəsində qələbənin və Şuşinin (Şuşanın - red.) azad edilməsinin qarantı oldu. Lakin 44 günlük fəlakətli müharibədən sonra dərin kədər hissi ilə qeyd edirik ki, birinci "artsax" müharibəsindəki uğuru nəinki diplomatik, siyasi, iqtisadi qələbəyə çevirə bilmədik, həm də bu qələbənin bir çox nəticələrini itirdik".

Erməni baş nazir müraciətində həmçinin bildirir: "Vətən uğrunda mübarizədə tökülən qanlara cavab yalnız Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsi, "artsax" ermənilərinin hüquqlarının tam şəkildə həyata keçirilməsi və regionda dinc yanaşı yaşamaq ola bilər. Ermənistan və "artsax"ın təhlükəsizliyinin yeganə etibarlı təminatı budur. Hazırkı rəhbərlik ölkəni bu yolla aparır və bu yolda yaranan çətinliklərə tab gətirməyə hazırdır".

Diqqət edildi yəqin, N.Paşinyan da Şuşanın işğalını radikal müxalifət kimi "azad edilmə əməliyyatı" adlandırır, Azərbaycanın suveren ərazilərinin işğalını "qələbə" adlandırır, "artsax ermənilərinin öz müqəddəratını təyinetmə" haqqından dəm vurur, Şuşaya "Şuşi" deyir və sülh haqqında şablon və ikibaşlı ifadələrlə maskalanaraq, ölkəni eyni kursla aparacağını söyləyir. Yəni gerçək hədəf heç də sülh yox, müharibə hazırlığıdır. 

Kəsəsi, Ermənistanın hazırkı böhranlı vəziyyətə məhz İrəvanın işğalçılıq siyasətinin gətirdiyini radikal-revanşist çevrələr kimi Paşinyan da faktiki danır, görməzlikdən gəlir. Bu hələ erməni siyasətçilərinin ən praqmatikidir. Halbuki Ermənistanın da tək qurtuluşu davam edən bu fəlakətli yoldan təcili imtinaya bağlıdır.

Dünən rəsmi Bakı xarici işlər naziri Ceyhun Bayramov və nazir müavini Xələf Xələfovun dilindən ərazi iddiaları ilə bağlı İrəvana bir daha sərt ismarış göndərib. Xüsusi vurğulanıb ki, Ermənistanla sülh müqaviləsi yalnız Azərbaycanın irəli sürdüyü 5 məlum prinsip əsasında mümkündür...

*****

Əslində kapitulyant ölkə ilyarımdır bataqlıq effekti ilə yaşayır. "Tərpəndikcə", boş yerə hay-küy qaldırıb vaxt itirdikcə daha dərinə gedir. Nikol Paşinyan iqtidarı da Azərbaycanla sülh müqaviləsini süni surətdə uzatdıqca ən böyük pisliyi öz ölkəsinə və xalqına edir - 2 ildir Bakı və Ankaranın Ermənistana uzatdığı barışıq əlini sıxmaq, atılan "xilas kəmərini" götürmək əvəzinə.  

Şübhəsiz ki, qonşularla sülh içində yaşamaqdan imtina eləməklə kapitulyant ölkə özünə daha ağır aqibət, daha dərin quyu qazıyır. Təsadüfi deyil ki, Paşinyanı devirməyə çalışan hay-küyçü, radikal-revanşist müxalifətin hakimiyyəti ələ keçirəcəyi təqdirdə hər hansı realist proqramı yoxdur. Ola da bilməz. Yalnız boş və populist vədlər, avantürist şüarlar. Köhnə xunta rejimindən erməni toplumuna yaxşı tanış olan müxalif liderlər də guya müharibə istəmədiklərini bəyan edirlər, ancaq Azərbaycan və Türkiyə ilə barışığa, ədalətli sülhə imkan verməməyin adı nədir, görəsən?

Bu xüsusda Ermənistanda hakimiyyət dəyişikliyi sülhün ziyanına, müharibənin xeyrinə, demək ki, erməni xalqının zərərinə olan boş vaxt itkisindən savayı bir şey ola bilməz. Bunu hesablamaq üçün dərin analitik təfəkkürə ehtiyac yoxdur. 

Maraqlıdır ki, bu arada bir sıra məşhur erməni jurnalistlərin, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 nəfər Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb ediblər. Onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər (Axar.az).

"Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmirlər. Tamamilə aydındır ki, qondarma "millətin xilasediciləri"ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Bu, günlərdə "erməni intiqamı"nın yeganə hədəfi daxili "türkdür". Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir "amma" olmadan sülh istəyirik!" - deyə müraciətdə vurğulanır.

*****

Ümid eləmək qalır ki, belə tələblər get-gedə ciddi ictimai dəstək ala biləcək. Bunu ən əvvəl elə erməni xalqının düşdüyü acınacaqlı durum diktə edir...

Milli.Az