83 yaşlı qadın dünyanın ən çətin yarışında iştirakı ilə hər kəsi heyrətləndirdi - VİDEO - FOTO

11 May 2022 14:42

ABŞ-ın Missuri ştatından olan 83 yaşlı Mildred Uilson dünyanın ən çətin yarışlarından biri olan "Tough Mudder"də iştirak edib. Qaydalara əsasən, iştirakçı səkkiz və ya 16 km məsafədə hərbi tipli maneəli yolu keçməlidir. Uilson yaşına baxmayaraq palçıq və gölməçələrdən keçərək, qeyri-sabit fırlanan platformaları aşıb, nəhəng çuxurlardan keçib, hündür və tamamilə hamar divarlar kimi ağır sınaqları dəf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, özü də o, artıq üçüncü dəfədir ki, bu yarışa qatılıb.

Amerikalı qadının ilk yarışı 2019-cu ildə baş tutub. Həmin vaxt tədbirə hazırlıq bir neçə ay çəkmişdi. O, ilk növbədə həkim müayinəsindən keçmiş, səhhətində ciddi problemin olmadığı ortaya çıxandan sonra isə həyat yoldaşı Farrelin və oğlu Denninin dəstəyi ilə yarışda iştirak etmişdi.

İkinci yarış 2021-ci ildə baş tutub. Ancaq həmin vaxt Mildredin ən böyük dəstəkçisi olan həyat yoldaşı koronovirusun yaratdığı fəsaddan dünyasını dəyişib. Yaşlı qadın da iştirakını ona həsr edib.

Bu il isə Mildred oğlu Denninin Afrikada şirin su quyularının tikilməsi təşəbbüsünə dəstək üçün yarışlara qatılıb.

Milli.Az