Prezident və birinci xanım “Shusha Boutique Hotel” və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olublar - VİDEO - FOTO

10 May 2022 19:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində "Shusha Boutique Hotel"in yerləşəcəyi ərazidə olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verdi.

Qeyd edildi ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.

Xatırladaq ki, işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.

Onu da bildirək ki, ötən ilin mayında Şuşada "Xarıbülbül" otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə "Qarabağ" otelinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri olub.

Qeyd edək ki, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib.

Milli.Az