Piyada keçidlərində eskalatorlar niyə işləmir? - VİDEO

10 May 2022 19:24

Paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində bəzi yerüstü və yeraltı piyada keçidlərində quraşdırılan eskalatorlar işləmir. Bu isə sakinlərə çətinlik yaradır. Xüsusilə yaşlılar, uşaqlar və əllərində yüklə hərəkət edənlər üçün bu vəziyyət ikiqat çətindir. Bəziləri qarşı tərəfə keçmək üçün avtomobillərin şütüdüyü yoldan istifadə edirlər. Bu isə qəza riskini artırır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yerüstü piyada keçidinin eskalatoru artıq bir aydan çoxdur ki, işləmir.

Görüntülər Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən piyada keçidindəndir. 

Sakinlərin sözlərinə görə, eskalator işləmədiyinə görə keçidi qalxıb-düşmək çətinlik yaradır. Ona görə də bəziləri qarşı tərəfə avtomobillərin intensiv hərəkət etdiyi yoldan keçirlər. Bu isə real təhlükədir.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin''  mətbuat katibi Anar Nəcəfli bildirib ki, Rəsulzadə qəsəbəsində yerləşən piyada keçidindəki vəziyyətdən xəbərdardırlar.

Milli.Az