Bir dəfə Novruz bayramında...
22 Mart 2012 12:55
Adət-ənənəmizə həmişə sadiq olmuşuq
Biz elin adət-ənənəsinə, bayramına, matəminə sadiqik. Bəlkə də elə məhz buna görə Allah bir çox gözəllikləri bizə nəsib edib. Novruz bayramını illərdən, hətta əsrlərdən bəri qeyd edirik. Bu bayramın tarixindən, gözəlliklərindən və s. danışıb özümü ağıllı göstərmək fikrim yoxdur. Amma keçirilən bayram ilə bağlı öz baxış prizmamdan gördüklərimi oxucularla bölüşmək arzusundayam.
Novruzun gəlişi xəbərini çərşənbələr gətirdi
Bayramın gəliş xəbəri bir neçə həftə əvvəl qeyd olunan çərşənbələrlə gətirildi və beləliklə, bəzi televiziya kanallarında və müəyyən radio dalğalarında danışmağa yeni mövzu tapıldı. Nə qədər çevir tatı, vur tatı olar? Bəzi teleaparıcılar heç olmasa ildə bir dəfə əllərinə səməni alıb, bayram ədət-ənənəsindən danışıb, başqa bir şeydən danışmalıdırlar, ya yox? Qazanclı olsa belə, əminəm ki, nə vaxtsa kimlərisə evləndirməkdən və ya evləndirirmiş kimi göstərməkdən, bəzi müğənniləri tərifləməkdən bezirlər.
Bayram ilk olaraq alış-veriş siyahısı ilə qeyd olunur
Əgər bir evdə qadın varsa, bayramın ilk müjdəçisi də o olur. Baharın gəlişi münasibətilə evi yığışdırmaqdan tutmuş, şəkərbura, paxlava bişirilməsinə kimi bütün bayram idarəçisi olan xanımlar kişilərə bayramın gəlişi ilə bağlı şad xəbəri bu münasibətlə tərtib olunmuş alış-veriş siyahısını təqdim etdikləri an verirlər. Bitib-tükənməyən siyahı və bazarda od tutub alışan qiymətlər ilk Novruz ocağını kişilərin ürəyində və cibində qalayır.
Bayramın əsas qəhrəmanı qadınlardır
Hələ bu harasıdır? Vay o gündən ki, eyni evdə bir neçə qadın, xüsusilə bir-birini çox istəyən gəlin-qaynana yaşaya. Bax onda həmin evin kişisi üçün ikiqat bayram olur. Qurban olduğum Allah biz qadınları yaratmamışdan əvvəl el dili ilə desək, hikkəmizi bəxş edib. Elə bir evdar qadın tapmaq olmaz ki, Novruz bayramı ərəfəsində iddialı olmasın. "Mənim şəkərburamın üstündə olan miniatur naxışlardan heç kiminkində yoxdur, bişirdiyim paxlavadan bal kimi şəkər damlayır, o qədər nazik yayıram ki, lavaşımın arxasından bütün dünyanı seyr etmək olar, bişirdiyim aşın düyüləri dən-dəndir, şabalıd od qiymətinə olsa da, ən böyüyü mənim bişirdiyim aşın qarasının üstündə oldu" və s. bu kimi dilə gətirilməyən, amma hər bir qadına mənəvi qürur doğuran fikirlər istənilən evdar xanım üçün əsl bayram ab-havası yaradır.
Bayramın ləzzəti öpüşən bananlardadır
Hələ sizə meyvə qabının üstündə öpüşən bananlardan danışmıram. Bir banan ki, meyvələrin üstündə digər bananı "öpmədi", meyvə qabında üstündə etiketi olmayan, el dili ilə desək, "firmenni" alma, portağal olmadı, antimilli meyvəmiz ananas süfrənin ortasında etiketini çıxartmamaq şərtilə gül açmadı, onda bayramın nə ləzzəti?
Süfrəni özünəməxsus bəzəmək lazımdır
Yadımdadır, əvvəl xanımlar çalışardılar ki, bayram günü süfrəyə 7 dənə "s" hərfi ilə başlayan azuqələr qoyulsun. İndi isə fərq etmir, əlifbanın hansı hərfidir, amma heç olmasa, 17 növ quru əzuqə süfrəni bəzəməlidir. İnanın, adam tanıyıram ki, Hollandiyadan müxtəlif çərəzlər, xüsusi konfetlər gətirib ki, süfrəni bəzəsin və qonaq gələndə təqdimat etsin.
Novruz bayramı illər keçdikcə "beynəlxalqlaşır"
Xəbəriniz var? Novruz bayramı illər keçdikcə daha çox ölkələrdə qeyd olunur və beynəlxalqlaşır. Amma bu beynəlxalqlaşma süfrələrimizə də öz təsirini göstərir. Artıq bayram süfrələrində Hindistanın qozuna, Afrikanın ananasının qurudulmuş formasına, özbək qovununun şirnisinə, Ərəbistan xurmasının başına min oyun gətirilmiş formasına rast gəlmək el adətidir. Gələn bayram Dubaydan gətirilmiş fındıq, Çindən gətirilmiş "geydirmə" şəkərbura, paxlava görsəm, inanın, təəcüblənmərəm.
Min manata səməni...
Novruz bayramının əsas atributlarından biri də səmənidir. Yaşıllığı və baharı əks etdirən səməni də bu il müxtəlif qiymətlər qeyri-adi formaları ilə nümayiş olundu. Hətta səməninin qiymətləri ilə bağlı xəbərlərdə yayımlanan süjeti belə izlədim. Bir manatdan tutmuş min manata kimi qiymət dəyişən səmənilər yeni il yolkası kimi üstündəki bəzəkdən asılı olaraq qiymətləndirildi.
Tonqalın şəklini çəkib Facebook-a qoymadınsa, daha nə bayram oldu?
Novruz bayramının tonqalının qalanması əsas bayram şərtlərindən biridir. Bayram tonqalını qalayıb ailəvi və ya dostlarla ətrafına toplaşıb üstündən hoppanmaq el adətidir. Bu il isə həmin adət-ənənəyə tonqalın üstündən tullanarkən şəkil çəkdirib Facebook-a yerləşdirmək əlavə olundu. Face profillərini bəzəyən tonqal şəkilləri və həmin tonqalların böyüklüyünə görə edilən fəxarətlər yaddaşlara xüsusilə həkk olundu.
Builki Novruzu da özünəməxsus şəkildə qeyd edib baharı qarşıladıq. Hər birinizə gözəl bahar, bolluq, bərəkət və bayram kimi xoş günlər arzusu ilə...
Nura
Milli.Az