Bakıda Formula 1-ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

8 May 2022 17:03

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) "Abşeron Mariott" otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Milli.Az-a verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Milli.Az