İsveçin hakim partiyası mayın 15-də NATO ilə bağlı qərar verə bilər

5 May 2022 08:54

İsveçin hakim Sosial Demokrat Partiyası mayın 15-də NATO-ya üzv olmaq barədə qərar verə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "SVT" telekanalı partiyanın mətbuat katibi Tobias Baudinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, xarici işlər naziri Ann Linde və müdafiə naziri Peter Hultkvist başda olmaqla parlament partiyaları tərəfindən aparılan təhlükəsizlik siyasəti təhlili mayın 13-də başa çatacaq.

"Partiya mayın 15-də Şimali Atlantika Alyansına üzvlük məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək. Bundan sonra partiyanın üzvlük məsələsinə necə yanaşması barədə qərar qəbul oluna bilər".

Lakin partiya daxilində ölkənin NATO-ya üzv olmasını istəməyən şəxslər də var. Belə ki, iqlim və ətraf mühit naziri, Sosial Demokrat Partiyasının üzvü və partiyanın qadın qanadının sədri Annika Strandhel İsveçin Şimali Atlantika Alyansına qoşulmasını məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanları barədə müzakirələrə başlayıb.

Milli.Az