Aparıcının 2 yaşlı oğlu onuncu mərtəbədən yıxılaraq öldü - FOTO

5 May 2022 08:00

Məşhur gürcü teleaparıcı, aktyor və Gürcüstan Teatr Tənqidçiləri İttifaqının prezidenti Nikoloz Tsulukidzenin iki yaşlı oğlu yaşayış binasının onuncu mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, faciə bir gün əvvəl Tbilisidə baş verib.

İctimai xadimlər, siyasətçilər, aktyorlar və sənətçilər sosial şəbəkədə Nikoloz Tsulukidze və ailəsinə başsağlığı verirlər. Onların bir çoxu səhifələrindəki əsas fotoları qara kvadratlara və lentə dəyişib.

Gürcüstanın Mədəniyyət Nazirliyi Tsulukidze ailəsində baş vermiş faciə ilə bağlı dərin hüznlə kədərləndiyini bildirib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də Tsulukidzenin iki yaşlı oğlunun faciəli ölümü ilə bağlı başsağlığı verib.

Qaribaşvili yazıb: "Belə güclü ağrıları ifadə etmək üçün sözlər acizdir. Ailənin kədərini bölüşürəm və bütün yaxınlarına başsağlığı verirəm".

Qeyd edək ki, körpə bu gün dəfn ediləcək.

Milli.Az