"TikTokdan qazandığım pulla 30 uşağı əməliyyat etdirmişdim" - Tolik

29 Aprel 2022 18:00

Bir müddətdir Azərbaycanın şou-mədəniyyət nümayəndələri "Tik-Tok" video paylaşım platformasına axın edirlər.

Onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar. 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) istənilən sosial şəbəkədə məşhur simaların daha çox izləyici kütləsi yığa bildiyini deyib:

"Sosial şəbəkələrdə hər zaman məşhurlar, tanınmış simalar, blogerlər daha öndə olurlar, bu, dünyanın hər yerində belədir. Cəmiyyətin marağına səbəb olan insanlara "Tik-tok"da hədiyyələr atılır. Onlar aktyor, müğənni, bloger, meyxanaçı, vayner ola bilər. Bu hər bir sahədə belədir. Bu gün bizdə insanlar bəzən bunu nəyləsə qarışdırırlar: həssas mövzulara qoşulurlar, deyirlər niyə müğənnilərə hədiyyə atırlar və s. Bu heç də düzgün deyil. Biz bəzən hisslərimizlə nəfsimizi bir yerdə tuturuq. Məsələn, bu gün bəzi analar "Tik-tok"a girirlər, canlı yayım açırlar, övladlarının əməliyyatı üçün yardım istəyirlər. Onların buna ehtiyacı var, bu, bir tərəfdən yaxşı şeydir, amma bunun ikinci tərəfi də var. Bir adam kiməsə kömək etmək istəyirsə, ona 100 manatlıq "Tik-tok"da hədiyyə atırsa, bunun 70 manatı "Tik-Tok"un cibinə gedir, yerdə qalan 30 manat uşağa çatır. Burada qazanan "Tik-tok" olur. Yardım etmək istəyən adam vacib deyil ki, gedib "Tik-Tok"da hədiyyə atsın. Hədiyyə atmaq istədiyi məbləği elə gedib həmin uşağın kartına köçürə bilər".

Vaxtilə "Tik-Tok"dan aktiv şəkildə istifadə edən Tolik oradan əldə etdiyi gəlirlə bir çox insana maddi dəstək olduğunu bildirib:

"Bu gün bəzi insanlar var ki, onlar "Tik-Tok"da 24 saat fəaliyyət göstərirlər. Mən onlara normal baxıram. Vaxtilə mən də orada var idi, canlı yayımlara çıxırdım. Oradan qazandığım pulla 30 uşağı əməliyyat etdirmişdim, bir neçə ehtiyacı olan ailəyə yardım etmişdim, canlı yayım vasitəsilə bir neçə nəfərə maddi yardım etmişdim. Hazırda saatlarla "Tik-tok"da oturan şəxslərin çoxu blogerdi, dostumuz Kənan MM-dir. O da bəlkə də serialını çəkib, indi boş vaxtı var və "Tik-Tok"da olur. Kənan serial çəkməyə başlasa, setə girsə, onun "Tik-Tok"a girməyə vaxtı olmayacaq".

Onun sözlərinə görə, bu gün "Tok-tok"a girsə də pul qazanmaq məqsədi güdmədiyini deyən məşhurlar səmimi deyillər:

"Müğənnilərin bəziləri bu gün oradadır. Onlar deyə bilməzlər ki, "Mən pula görə girmirəm". Pula görə girməyən adam "hədiyyə" bölümünü bağlayar ki, ona hədiyyə atmasınlar. Kimsə girib "Tik-tok"da oyun oynayırsa, mütləq ki, şüuraltında, düşüncəsində pul qazanmaq var. Heç kəs deyə bilməz ki, mən bura pul üçün girmirəm. Əgər hansısa məşhur bunu deyirsə, onda qazandığı pulu özü götürməsi, mərdi-mərdanə kodu versin mən, yaxud başqa biri çıxarıb xeyriyyəyə işlərinə xərcləyək. Heç kəs deməsin ki, "Mən xeyriyyə işi görürəm, amma bunu göstərmirəm". Yalan deyirlər! Xeyriyyə edən hər kəs göstərməlidir, bu təbliğatdır. Hansısa məşhur göstərmirsə, deməli xeyriyyə etmir! Bunu mən - Tarix Əliyev deyirəm! Edən ya az edir göstərmir, ya da etmir. "Nikosayağı" ləqəbi ilə məşhurlaşan vayner Nicat Şakirli Zaur Baxşəliyevin efirinə gəlib 7 min manat pul köçürdü, Azik Ali gəldi 1530 manat verdi, Səfər Eyvazov gəldi, Pərvin Abıyeva  özü 2 min manat verdi, sonra 3 min manat da göndərdi. Ora gələn bir çox blogerlər bunu etdi.

Hansısa məşhur özündən fəlsəfə açıb, "Mən edirəm, amma göstərmək xasiyyətim deyil" deyib "dərs" verirsə, yalan deyir! Bunu sizə mən deyirəm! Kimin də nəsə sözü varsa, mənə deyər, cavabını da alar! Gəlsinlər açıq-aşkar desinlər ki, mən bu qədər qazanıram, filan qədər də xeyriyyəyə xərcləmişəm. Yardım edə bilərlıər, 100-200 manat, amma bu onların qazandığı məbləğ deyil, bundan qat-qat azdır. "Tik-tok"a girəndə səmimi olub desinlər ki, mənim bu pulsa ehtiyacım var, hamı burada oturub, mən də girirəm, əcəb edirəm. Bax, bu başqa məsələ. Onda heç kim deyə bilməz ki, "Sən niyə "Tik-Tok"da oturursan?!"

Milli.Az