Ukrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib

25 Aprel 2022 07:35

Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "Pivden" əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, həmçinin diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır:

"Ukrayna bölmələri tərəfindən düşmənin iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Eyni zamanda Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub".

V.Nazarov əlavə edib ki, işğalçılar 73 canlı qüvvə və "Pantsir S1", avtomobil və zirehli nəqliyyat vasitəsi daxil olmaqla 7 texnika itirib.

Xatırladaq ki, ötən gün "Pivden" əməliyyat komandanlığının sözçüsü Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarətin bərpa edildiyini açıqlamışdı.

Milli.Az