FIG Dünya Kuboku: İsrail təmsilçisi gürzlərlə hərəkətdə birinci yeri tutdu

24 Aprel 2022 16:22

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda gürzlərlə hərəkətdə birinci yeri İsrail təmsilçisi Daria Atamanov tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakimlər idmançının çıxışını 30,950 xalla qiymətləndiriblər.

Yelizaveta Polstyanaya (Latviya, 30,700 xal) ikinci, Sofiya Raffaelli (İtaliya, 29,800 xal) üçüncü yerdə qərarlaşıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 28,250 xalla altıncı yeri tutub.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının "gümüş" medalını qazanıb.

Milli.Az