Mindən çox almaniyalı həkim Ukraynaya getmək niyyətindədir

18 Aprel 2022 21:17

Mindən çox almaniyalı həkim yaralılara və xəstələrə yardım göstərmək məqsədilə Ukraynaya və yaxın ölkələrə getmək üçün Federal Tibb Assosiasiyasının online-portalında qeydiyyatdan keçib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə assosiasiyanın prezidenti Klaus Raynhard "Redaktionsnetzwerk Deutschland" redaksiyasına müsahibəsində deyib.

"Bu rəqəmlər həkimlərin Ukrayna xalqı ilə həmrəyliyinin göstəricisidir. Çünki orada işləmək həyat üçün təhlükəli ola bilər", - deyə Klaus Raynhard bildirib. Onun sözlərinə görə, Almaniya Federal Tibb Assosiasiyası hazırda Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, həmçinin Ukrayna və qonşu ölkələrin səfirlikləri ilə həkimlərin yerləşdirilməsi məsələsini müzakirə edir.

Assosiasiya prezidenti Ukrayna ərazisində fəaliyyət göstərəcək həkimlərin təhlükəsizliyinə zəmanət verilməli olduğunu vurğulasa da, qonşu ölkələrdən hələlik bu məsələ ilə bağlı müraciətlərin daxil olmadığını qeyd edib.

"Buna baxmayaraq biz hazırıq. Hökumət beynəlxalq humanitar missiyalara ehtiyac olduğunu elan edən kimi kifayət qədər həkim tapa biləcəyik", - deyə Klaus Raynhard əlavə edib.

Milli.Az