Günün təamı - arzuman küftəsi - FOTO

21 Mart 2012 07:00
Klassik arzuman küftəsi

Tərkibi:

qiymə üçün:  
2,5 kq mal əti və ya qoyunun bud əti (yumşaq tikələr)
1 kq baş soğan
sarıkök
darçın
duz
istiot

toyuq üçün:
300 q şabalıd
100 q turş gavalı qurusu və ya albuxara
zəfəran
duz
istiot.

Toyuq təmizlənir, yuyulur və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıdın qıraqları çərtilib kəsilir, suda pörtülür və təmizlənir, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur.

Ət baş soğanla ətçəkən maşından keçirilir, duz, istiot, sarıkök, azacıq darçın vurulub yaxşı qarışdırılır. Əti daş üstündə və ya kötükdə döydükdə xörək daha dadlı olur. Yaz-yay mövsümündə qiyməyə göyərti vurmaq olar. Qış mövsümündə təzə göyərti olmadıqda qurudulmuş nanə və keşniş ovulub qiyməyə qatılır. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir.

Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. İri qazana su töküb (5-6 l) qaynadıldıqdan sonra hazırlanmış küftə oraya salınıb bişirilir. Küftəni sümüklərdən hazırlanmış bulyonda da bişirmək olar. Qazanın çox gur qaynamasına yol verilməməlidir. Kəfi qaynara düşəndən sonra ilk 15-20 dəqiqə ərzində arabir yığılır, qazanın ağzı örtülüb hazır olana kimi (1,5-2 saat) bişirilir.

Dada görə və zövqə görə duz vurulur. Xörək hazır olduqda küftə qazandan çıxarılır, iri plov buluduna qoyulur (tənzifi ehmalca açmaqla) və süfrəyə gətirilir. Xörəyin bulyonu kasalara və ya iri piyalalara çəkilib, üstünə xırda doğranmış keşniş və ya quru nanə səpilir. Bu xörək 8-10 nəfər üçün nəzərdə tutulur. Xörəyin yanında təzə göyərti (turp, vəzəri, göy soğan) verilir və ayrıca qabda sumax qoyulur.


Arzuman küftəsi



Tərkibi:


800 q qoyun əti
200 q mal əti
850-900 q-lıq  toyuq
1 əd. soğan
duz
istiot
nanə
sarıkök
urub (zoğaldan hazırlanan duru turşu)
2 yumurta

Mal və qoyun ətini ət maşınından keşirin. Qiyməyə 1 yumurta , soğan, duz, istiot, sarıkök vurub əlinizlə yaxşı-yaxşı qarışdırın. Əti tam yumşaq hala salana kimi əzin.

Daha sonra  toyuğu  yuyub suyu süzüləndən sonra  dərisini tam soyun və hər tərəfinə urub çəkin. Daha sonra içərisinə yumurtanı qoyub ayaqlarını bir-birinə iplə bağlayın.

Toyuq hazırdır. İki metr uzunluqda cunanı üç yerə qatlayın və  əti tam ortasından qoyub yayın. Sonra toyuğu üzərinə qoyub şəkildə göstərilən formada bükün, cunanı möhkəm bağlayın.

Bir qazana  su  töküb tam qaynadın. Qaynadıqdan sonra içərisinə kartof, azca duz, istiot və küftəni əlavə edib vam atəşdə 2 saat bişirin. Bir az qaynadıqdan sonra uzun çöplə yoxlayın ki, içinin tam bişdiyinə əmin olasınız.

Arzuman küftəsini süfrəyə isti servis etmək lazımdır, soyuduqda dadı qaçır.

Böyütmək üçün şəkillərə klikləyin.























Nuş olsun!

Milli.Az