"Formula 1 Azərbaycan Qran Prisində azarkeşlər üçün maraqlı və fərqli əyləncə proqramları təşkil olunacaq"

15 Aprel 2022 12:21

Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurovun Trend-ə müsahibəsi

- Yarış bundan sonra daha neçə il Bakı azarkeşlərini sevindirəcək və ümumiyyətlə, Azərbaycan Qran-Prisi ölkəmizə nə qazandırır?

Məlum olduğu kimi, yarışın başlamasına 2 ay qalır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tam gücü ilə növbəti yarışın möhtəşəm təşkili üçün böyük səylə çalışır. "Formula 1" Azərbaycan Qran-Prisinin keçirilməsinə dair müqavilə müddəti 2024-cü ilə kimidir. Azərbaycan artıq uzun illərdir ki, mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Burada əsas məqsəd ölkəmizin dünyada tanıdılması, turistlərin cəlb olunması, bununla da ölkə iqtisadiyyatının müxtəlif sahələrinə birbaşa və dolayısı ilə töhfə verməkdir. "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb. Bu, əsasən turizm, mehmanxana və nəqliyyat sektorunda öz əksini tapıb. O cümlədən, peşəkar xidmətlər, restoran, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, tikinti sektoru və digər sahələrdəki inkişafı da bu sıraya aid etmək olar. Pandemiya qlobal iqtisadiyyatda durğunluq yaratmış oldu. Bu il daxil olmaqla, növbəti illərdə də Formula 1 Azərbaycan Qran Prisinin ölkəmizə faydasının artacağına əminik.

- Formula 1 Azərbaycan Qran-Prisi üçün tikinti işləri hansı mərhələdədir?

Bildiyiniz kimi, Formula 1 Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə 15 aprel gecə saatlarından etibarən start verir.

Məlumat üçün bildiririk ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçiriləcək. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayır və bütün yarış trekini əhatə edəcək. Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılır. Həmçinin, Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq, vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

- Bilet satışı ilə bağlı proses nə yerdədir, biletlərin neçə faizi artıq satılıb? Azərbaycan Qran Prisinə biletlər ən çox hansı ölkələrdən alınır?

Bilet satışlarına bir aydan çoxdur ki, start vermişik. Hazırda bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən maraq olduqca yüksəkdir. Biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Azarkeşlərimiz biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər. Xarici azarkeşlərlə yanaşı, yerli azarkeşlərin yüksək marağını müşahidə edirik və bu da bizi çox sevindirir. Hazırda biletlərin satışına görə Azərbaycan, ABŞ və Böyük Britaniya ilk üçlüyə daxildir. Bundan başqa, İspaniya, Niderland, Danimarka, Rusiya, Fransa, Norveç və digər ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Qeyd edim ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-25 faizlik endirimlə təklif olunur.

- 2020-ci ildə Formula 1 Azərbaycan Qran Prisinə bilet alan neçə tamaşaçı biletlərini bu ilin yarışları üçün dəyişdirib?

Doğru qeyd etdiniz, 2020-ci il yarışı təxirə salındığına görə azarkeşlər biletlərini 2022-ci il biletlərinə dəyişmək imkanı əldə edir. Bununla bağlı onlara SMS və email vasitəsilə məlumat verilmişdir. Biletlər və ümumiyyətlə yarışla bağlı ətraflı məlumat almaq üçün qaynar xəttimizə (*6003) müraciət edə bilərlər.

- Tamaşaçılar üçün əyləncə proqramına nələr daxildir? Bu ilin yarış proqramında əvvəlki ilin yarış proqramı ilə müqayisədə hansı dəyişikliklər olacaq?

Məlum olduğu kimi, ötən il yarışlar tamaşaçısız keçmişdi. Bu il isə azarkeşlər üçün sevindirici xəbərimiz odur ki, yarışı canlı izləyə biləcəklər. Pandemiya səbəbindən, tamaşaçıların təhlükəsizliyini qorumaq məqsədilə yarışlar zamanı axşam konsertləri nəzərdə tutulmayıb. Lakin, hər il olduğu kimi, bu dəfə də azarkeşlər üçün maraqlı və fərqli əyləncə proqramları təşkil olunacaq. Bunlar yarış formatının ayrılmaz hissəsidir və şəhərimizdə xüsusi canlanma yaradır. Qeyd edək ki, 3 gün müddətində bütün gün ərzində böyükdən balacaya hər kəs əyləncə proqramlarından zövq ala biləcək. Bu il Formula 1 tarixində ən çox yarışların keçirildiyi mövsümdür. Mövsüm boyu 23 yarış nəzərdə tutulub və onların arasında ilk dəfə olaraq keçirilən Mayami yarışı var. Hesab edirəm ki, belə nüfuzlu şəhərlərin sırasında şəhərimizin təmsil olunması ölkəmiz üçün böyük uğurdur.

Hazırda məhdudiyyətlər azalmağa başlasa da, azarkeşlər yarışlar zamanı ölkədə mövcud COVID-19 qaydalarına əməl etməli olacaqlar.

- Formula 1 Qran Prisi Azərbaycanda hansı telekanal vasitəsilə yayımlanacaq?

Hazırda yarışın yerli televiziyada yayımı ilə bağlı müzakirələr aparılır. Nəticə ilə bağlı açıqlama veriləcək. Bununla yanaşı, azarkeşlər digər Formula 1 yarışları ilə yanaşı, Azərbaycan Qran Prisini də dünyanın bir sıra qabaqcıl idman televiziya kanalları vasitəsilə izləyə biləcəklər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisininin qlobal tamaşaçı auditoriyası 1.5 milyarda yaxındır. Maraqlı faktı diqqətinizə çatdıraq. Son iki mövsümdə Azərbaycan Qran Prisi Monako Qran Prisini keçərək ABŞ-da izlənilən ən popular yarış olub.

Milli.Az