Son illər qərb dövlətlərində milli mövcudluğu qoruyub- saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Özünü tolerantlıq modeli kimi təqdim edən qərbdə milli və dini ayrı-seçkilik güclənir, bu zəmində mühacir və qaçqınların sıxışdırılması halları artır. Ölkəmizdə isə bunun əksinə, tolerant, dözümlü, multikultural mühit formalaşıb. Bu isə Azərbaycanın beynəlxalq miqyasda nüfuz və mövqeyini gücləndirir.
Ölkəmizdəki mövcud tolerant, dözümlü və multikultural mühit Azərbaycanı mədəniyyətlərarası və dinlərarası mərkəzə, həmçinin sivilizasiyaların qovşağına çevirir.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun sözlərinə görə, bu gün ölkəmizdə elə bir mühit yaradılıb ki, müxtəlif xalqların nümayəndələri öz mədəniyyətlərini, dil və dinlərini inkişaf etdirə, hətta təbliğ edə bilirlər. Yəni bunun üçün hər cür imkan mövcuddur. Hazırda ölkəmizdə 37 qeyri-islam təmayüllü dini qurum var ki, onlardan 26-ı xristianlığı təbliğ edir. Bundan başqa, 8 yəhudi, 2 bəhai, eləcə də bir "Krişna Şüuru" dini icması da dövlət qeydiyyatına alınıb.
Qurum rəsmisi deyir ki, ölkəmizdə dini-mənəvi mühitin qorunub- saxlanması, yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində çox ciddi addımlar atılır. Çünki dini dəyərlərin, İslamın düzgün tədrisi və təbliği gəncləri müxtəlif zərərli vərdişlərdən də qoruyur. Dini təhsil almaq üçün xaricə üz tutan vətəndaşlarımız geri qayıdarkən onlar arasında xoşagəlməz hallar müşahidə olunurdu. Ən böyük ehtiyac milli kadrların formalaşdırılması idi ki, artıq bu hal reallığa çevrilib. İndi elə öz ölkəmizdə gənclər ali dini təhsil alırlar.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 11-də açılışını etdiyi İlahiyyat İnstitutunda da İlahiyyat fakültəsi, o cümlədən, "Dinşünaslıq", "İslamşünaslıq", "Dillər və ictimai fənlər" kafedraları fəaliyyət göstərir. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlayan bu institutun hazırda 43 pedaqoji heyət üzvü və 277 tələbəsi var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az