SEPAH Ermənistana görə Azərbaycanı “hədələyir”?

12 Aprel 2022 20:00

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tvitter səhifəsindəki paylaşımında bir daha Azərbaycanla güc nümayişi ilə danışmaq cəhdi göstərməsi anlaşılmazdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, əvvəla ona görə ki, Azərbaycanla İran arasında olduqca mühüm bir sənəd bu yaxınlarda imzalanıb. Zəngəzur dəhlizinə alternativ sayılan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və avtomobil və dəmir yollarının çəkilməsini nəzərdə tutan memorandum bölgənin gələcək arxitekturasında İranın reallığa uyğun mövqeyi və nəqliyyat şəbəkəsində rol almaq istəyi kimi müsbət qiymətləndirildi.

İkincisi, İran bir müddət öncə də Azərbaycan sərhədləri yaxınlığına ordu yığmış və təlimlərə başlamışdı. Azərbaycan torpaqları işğal altında olduğu zaman bircə dəfə də işğaldakı sərhədlərimiz yaxınlığında İranın hərbi təlim keçirməməsi, ancaq işğal başa çatandan və Azərbaycan-İran sərhədinə nəzarət bərpa ediləndən dərhal sonra İranın təlim həvəsinə düşməsi Ermənistanın maraqlarına xidmət etməklə bərabər, Azərbaycana güc nümayişi idi. Ancaq Türkiyə ilə ciddi hərbi-siyasi ittifaqda olan Azərbaycan siyasi rəhbərliyi İranın bu təhdidinə qarşı həddən artıq kəskin mövqe ortaya qoydu. İran isə təhdidinin heç bir nəticəsi olmadığını anladıqdan sonra münasibətlərin diplomatik müstəvidə çözümünə qərar verdi və ikitərəfli siyasi-diplomatik əlaqələrin yeni mərhələsi başladı.

Həm də bu, hər iki ölkənin və digər bölgə dövlətlərinin mənafeyi baxımından sərfəli oldu və getdikcə Azərbaycan-İran arasında münasibətlərdə istiləşmə Zəngəzur dəhlizinə alternativin açılması barədə memoranduma qədər inkişaf etdi.

Azərbaycanla güc dilində danışmaqla yalnız itirdiyini anlayan SEPAH növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü məsələsində niyə "mənasız təhdid" ritorikasına keçməlidir?

Üçüncüsü, SEPAH-ın bu mövqeyi indiki halda daha anormal təsir bağışlayır. SEPAH dövlətlərin ərazi bütövlüyünə sədaqət nümayiş etdirirsə, Azərbaycanın BMT səviyyəsində tanınan torpaqları işğal altında olarkən bircə dəfə Tvitter səhifəsində bu mövqeyi nümayiş etdirə bilərdi.

Digər tərəfdən, hazırda Ukrayna kimi bir dövlətin ərazisi faktiki olaraq işğal edilir, burda qondarma qurumlar yaradılır, tanınır, daha sonra ərazisi genişləndirilir, Krıma gedən yol ələ keçirilir və o ərazidə "Rusiya quberniyası" yaradılması gündəmə gətirilir. SEPAH Azərbaycanın BMT-nin tanıdığı sərhədlər daxilində ordusunun manevrinə qarşı diş qıcamaqdansa, Rusiyanın işğal siyasətinə qarşı olsaydı, onda daha məntiqli davranmış sayılardı. Bütün dünya da İranın BMT prinsiplərinə necə sadiq olmasından xumarlanardı.

Dördüncüsü, SEPAH niyə yalnız Ermənistanın ərazi bütövlüyünü qırmızı xəttinə çevirib? ABŞ-ın dünyada ən böyük səfirliyi Ermənistanda yerləşir, Ermənistanda ABŞ-ın biolaboratoriyaları fəaliyyət göstərir, bu ölkənin hakimiyyətində Qərbin donor təşkilatlarının yetişdirdiyi qüvvələr əyləşib; Ermənistanda faktiki olaraq qərbpərəst qüvvələr hakimiyyətdədir və bu ölkə yalnız Qarabağ iddiasının girovuna çevrildiyi üçün Qərbə doğru daha sürətli getmir. Əslində isə 2017-ci ildə Ermənistan Avropa ilə yüksəksəviyyəli əməkdaşlıq müqaviləsi imzalayıb və bunun nəticəsində hazırda Ermənistana 2,6 milyard avroluq dəstək proqramı təqdim edilib.

Avropa Birliyi artıq qapılarını Gürcüstan üçün rəsmən açdığını elan edib, Ermənistanla da çox ciddi şəkildə işləyir. Bu il və gələn il üçün Gürcüstan və Ermənistan iqtisadiyyatının böyüməsi, ÜDM-nin artması üçün böyük dəstəklər göstərilir. Artıq nəticələr də var - Dünya Bankı Azərbaycanda gələn il üçün iqtisadi inkişaf tempi proqnozunu 2,2%-ə saldığı halda Ermənistan və Gürcüstan üçün 4,6 və 5,5% olaraq artırıb.

İran nə qədər çalışsa da, Ermənistanla iqtisadi-siyasi münasibətlərini qoruya bilməyəcək. Ermənistanı birbaşa Fransa himayə edir və AB-nin siyasi lideri olan Paris gec-tez Ermənistanı Rusiyadan qoparacaq.

İranın bölgədə əməkdaşlıq üçün ən böyük imkanı Azərbaycanladır: məhz indiki məqamda - Rusiyanın enerji ixracına qadağalar meydana gələndə İran Azərbaycanla əlaqələri ən yüksək səviyyəyə qaldırmalıdır. İranın dini, mədəni faktoru da, iqtisadi-siyasi çıxarları da Azərbaycanla əməkdaşlığı təşviq edir. Bəs, SEPAH yenə nə oyundur qurur? Yenə dövlət içində dövlət olan SEPAH kimin dəyirmanına su tökür?

İranın Bakıdakı səfirliyi bu təhdid videolarına görə guya araşdırma aparılacağını bildirib. Əgər bu Tvitter səhifəsinin SEPAH-a aid olmadığını bildirsələr, bu, artıq qeyri-ciddilik olacaq. ABŞ banklarına hücum edəcək səviyyədə olan SEPAH hakerlərinin gözü önündə qurumun adından saxta profil yaradılıb, düşmənçilik körüklənir və SEPAH-çıların budan xəbəri yoxdur?

Yeri gəlmişkən, İran ordusunu sərhədimizə yığıb, təlim keçirəndə Abdullahian Moskvaya dəstək almağa getmişdi, amma ala bilmədi və mövqeyini dəyişdi.

SEPAH-ın hələlik sosial şəbəkə hesabındakı təhdidində "Şimal işarəsi" varmı?

Hər bir halda İran yenə oynayır - hər dəfə olduğu kimi, yenə zəifləyən və təcrid olunan güclərlə. Bu yeni reallıqdan ustalıqla bəhrələnmə deyil, regionda nüfuzunu qorumaq istəyi də deyil, yalnız və yalnız Azərbaycana qarşı ənənəvi səhv siyasətin daşa dəyməsindən doğan hikkədir...

Milli.Az