İsveçrə Azərbaycan qazına arxalanır

9 Aprel 2022 22:07

Rusiya qazının Avropaya tədarükü dayanarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Lakin Azərbaycan və Şimali Afrikadan tədarük hesabına digər ölkələrlə müqayisədə üstünlüyü olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "AWP"yə İsveçrənin Qaz Sənayesi Assosiasiyasından Tomas Heqqlin deyib.

"Biz buna hazır olmalıyıq. Rusiya qazının tədarükünün çatışmazlığını Avropada ən azı qısa müddətdə və onun istehlakını azaltmadan tam kompensasiya etmək mümkün deyildi. Lakin bu ssenaridə İsveçrə hələ də mühüm üstünlüyə malik olacaq, çünki o, qazı cənubdan - Şimali Afrikadan İtaliya vasitəsilə və Azərbaycandan almağa davam edə biləcək", - deyə o, bildirib.

T.Heqqlin vurğulayıb ki, İsveçrədə çatışmazlıq olarsa, müvafiq idarəetmə tədbirləri görüləcək.

"Bunlara, məsələn, ikili yanacaq sistemləri olan (təbii qazın mazutla əvəz oluna biləcəyi) istehlakçılar üçün mazuta keçid, qənaət çağırışları və iri istehlakçılar üçün kvotalar daxildir. Lakin hazırda İsveçrəyə qaz tədarükünün təhlükəsizliyi böyük ölçüdə təmin olunub. Qiymətlər həddindən artıq yüksək olsa belə, sənaye üçün kifayət qədər qaz olmalıdır.

Eyni zamanda qarşıdan gələn qış üçün qazın təmin edilməsi böyük problemdir. Bu səbəbdəndir ki, Federal Şura artıq martın əvvəlində konkret tədbirlər haqqında qərar verib. Beləliklə, qaz şirkətləri qaz, qazın saxlanılması üçün çənlərin və mayeləşdirilmiş təbii qazı birgə ala bilməlidirlər", - deyə o, əlavə edib.

Onun sözlərinə görə, qaz sənayesi cavabdeh idarələr və səlahiyyətlilərlə birlikdə Federal Şuraya mümkün həll yolları təklif etmək niyyətindədir.

Aİ ilin sonuna qədər Rusiya qazının idxalını əvvəlki illə müqayisədə üçdə iki azaltmaq istəyir. İdxal olunan qazın 40%-dən çoxu Rusiyadan gəlir; Almaniya bu idxaldan xüsusilə asılıdır. Müqayisə üçün, İsveçrədə qaz istehlakı kifayət qədər aşağıdır. Ölkənin enerji tələbatının təxminən 15%-ni xammal təşkil edir.

Milli.Az